Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 2024-cü ilin ilk premyerasına hazırdır. Sabah - yanvarın 13-də sənət ocağı rus ədəbi Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan “Üç gözəl” lirik komediyası ilə teatrsevərlərin görüşünə gələcək.
Pyesin məzmunu belədir ki, adi axşamların birində üç rəfiqə qərara alırlar ki, həyatlarında dönüş etsinlər – əsl məhəbbətin axtarışına çıxsınlar. Müxtəlif xarakterli fərqli taleli üç rəfiqə, üç gözəl qadın öz həyatını kökündən dəyişməyə qərar verir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov (dekorasiya üzrə rəssam), Olqa Abbasova (geyim üzrə rəssam) və Vladimir Neverov (musiqi tərtibatçısı) tamaşanın ərsəyə gəlməsinə əmək sərf ediblər.
Tamaşada teatrın üç gözəl aktrisasını – Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abaszadə və aktrisa Mədinə Mullayeva rol alıb.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)