Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Şahmar Ələkbərovu uşaqlıqdan tanıyırdım. Səhv etmirəmsə, beşinci, ya da ki, altıncı sinifdə oxuyurdum, dərsdən çox kinostudiyanın həyətində, dəhlizlərində və dublyajda olurdum. Filmlərdə uşaq rollarını səsləndirirdim, elə o vaxtdan böyük aktyorların hamısını tanıyırdım, onlarla salamlaşırdım. Şahmar müəllim də onlardan biri idi - istedadlı, mədəni, ziyalı...
Məktəb bitdi, ardınca ali məktəbdə oxudum, filmlərə çəkilməyə başladım, bir gün Şahmar müəllim məni bir filminə dəvət etdi. Dedi, Loğman, kiçik bir rol var, səni çəkmək istəyirəm. Getdim, Xalq yazıçısı Elçinin “Toyuğun diri qalması” povesti əsasında hazırlanmış “Sahilsiz gecə” filmində kiçik epizoda çəkildim. Filmdə faytonçu Əlövsəti canlandırırdım, çəkiliş də iki gecə Qala kəndində baş tutdu. Birinci gecə çəkilişimiz sübhə yaxın qurtardı. Şahmar rəhmətlik məni otuzdurdu öz maşınına, qızı da ordaydı, yolda dedi ki, film çəkəcəm, sən Əliağa Vahidi oynayacaqsan. O an sevindim, dedim ki, Şahmar müəllim, çox yaxşı olar. Səhərçağı saat 8-ə qalırdı, maşını evin yanında saxlayanda dedi, saat 9-da kinostudiyada görüşək, danışaq. Dedim onda evə getmirəm, gedək birbaşa kinostudiyaya. Məni kinostudiyada düşürdüb, özü evə getdi. Evi də kinostudiyanın yanındaydı. O vaxtlar xəstəliyinə görə dərman içirdi. Saat 10-a işləmiş gəldi, rahat oturub danışdıq, orda bir daha deyəndə ki, Əliağa Vahidi sən oynayacaqsan, razılaşmadım. Soruşdu niyə? Dedim, qorxuram oynaya bilməyəm... Şahmar müəllimin bir hisrlənməyi vardı, gəl görəsən... Durdu ayağa, dedi: “Necə oynaya bilməzsən, orda mən varam, sən o rolu əla oynayacaqsan”. Soruşdum, bu fikir hardan yarandı, axı? Dedi, bəs mən çəkilişdə qışqırdım ki, Loğman sən böyük aktyorsan. Saç düzümüm və üzümə yapışdırılan bığ məni Əliağa Vahidə oxşadıbmış, o fikir də məhz orda yaranıb.”- söyləyir.
Söhbət əməkdar artist Loğman Kərimovdan gedir. O, 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. İndiyədək 30-a yaxın maraqlı surətlər yaradıb. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində oynadığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndiriib. 1998-ci ildən isə doğma teatrda rejissor kimi fəaliyyətə başlayıb və bu müddət ərzində müxtəlif tamaşalar hazırlayıb. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışır.
Loğman Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına layiq görülüb. 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Xalq artisti Valeh Kərimovun qardaşıdır...
Deyir ki,- “İşlədiyim teatrın repertuarını müəyyən etmək baş rejissor kimi mənim səlahiyyətinə daxildir. Hər ilin oktyabr ayına qədər əsərlər nazirliyə göndərilir. Repertuarı müəyyənləşdirəndə həm klassika, həm müasir, həm də tarixi mövzuları əhatə etməyə çalışırıq. Nazirlik göndərilən əsərlərə baxır və təsdiq edir. Mən artıq 20 ilə yaxındır ki, baş rejissor kimi fəaliyyət göstərirəm. Nazirliyə təsdiq üçün hansı əsəri təqdim etmişəmsə təsdiq olunub və teatr həmin əsəri hazırlamağa başlayıb. Eyni adlı əsər eyni vaxtda müxtəlif teatrların repertuarına daxil edildikdə nazirlik həmin əsəri siyahıdan çıxara bilər. Şuşa teatrının binası olmadığına görə ildə 2-3 tamaşa hazırlamağa şərait var. Amma digər teatrlarda ildə təxminən 5 və ya 6 yeni tamaşa hazırlanır. Təbii ki, baş rejissor əsəri təqdim etdikdə yalnız müəllifi əsas götürmür, öz aktyor potensialını, pyesin aktuallığını da nəzərə alır. Mən əsasən çalışıram ki, hər il klassik əsərlərə müracət edim. Klassika həm aktyorun, həm də rejissorun yetişməsinə kömək edir.”
Mətbuatda demək olar ki, görünmür. Təvazökar adam olduğundan öz işi ilə məşğul olmağa daha önəm verir. Arzusu kinorejissor olmaq olub. Hətta bunun üçün sənədlərini S.Gerasimov adına Ümumrusiya Dövlət kinematoqrafiya institutuna verib, amma proses qəsdən uzadıldığından qəbul imtahanlarında iştirak edə bilməyib. Lakin 90-cı illərdə Rusiyada, Belarusda filmlərə çəkilib...
“Teatr sənətinin qanunlarından biri odur ki, teatr tamaşaçını təəccübləndirməyi bacarmalıdır, təəccübləndirməyi bacarmayan teatr heç kimə lazım deyil. Bəli, istər yazılan əsərdə, istər oyun tərzində, istər rejissor, istərsə də rəssam işində teatr tamaşaçını təccüblənməyi bacarmalıdır ki, ona maraqlı gəlsin. Bu bütün dünyada belədir. Mən demirəm ki, bəzi tamaşaçıların səviyyəsinə enək, əksinə onu öz səviyyəmizə qaldıraq. Zamanın ritmini tutub, təccübləndirə bilmirsənsə, tamaşaçıya bu maraqlı deyil. Teatr tamaşaçını maraqlandıra bilirsə, deməli teatr düz işləyir.”- söyləyir.
Bəli, geniş tamaşaçı kütləsi Loğman Kərimovu Əliağa Vahidin obrazından daha çox tanıyır. Yanvarın 11-də onun 65 yaşı tamam olur. Bu münsibətlə sevimli aktyoru təbrik edir, rejissorluq fəaliyyətində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(11.01.2024)