Beynəlxalq Kino Günü münasibətilə təbrik

 

Milli Məclisin Mədəniyyət Komitəsi bu gün qeyd edilən Beynəlxalq Kino Günü münasibətilə kino ictimaiyyətinə təbrik mətni ünvanlayıb. Mətndə deyilir: 

 

“Bu gün Yer üzündə Beynəlxalq Kino Günü qeyd olunur. 

28.12.1895-ci ildə Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı kiçik kafedə ilk dəfə özlərinin çəkdiyi qısametrajlı filmlərin ödənişli nümayişini təşkil edib. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsəri də vardı.

Lümyer qardaşları hesab edirdi ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil (və olmayacaq). Qardaşlar belə hesab edirdi ki, kinoya maraq tezliklə sönüb keçəcək; lakin belə olmadı... Qardaşlar kino nümayişində nə qədər doğru iş görmüşdülərsə, bu işin gələcəyi haqqında bir o qədər yanılmışdı... - Kino körpə uşaq kimi, öncə "danışa bilmir"di... Tamaşaçılar aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əylənirdi.

Ayrıca, bir çoxları belə düşünürdü, kino teatrı sıradan çıxaracaq. - Bu təsəvvür də doğrulmadı. 

Parisdəki ilk kinoseansdan təqribən iki il sonra – 02.08.1898-ci ildə Bakı Elmi-Foto Dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirdi. Beləliklə, bu ilin avqustunda Azərbaycanda milli kinonun yaranmasının 125-ci ildönümü tamam oldu. 

Ötən yüzilliyin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda öz filiallarını açaraq, film istehsalı ilə məşğul oldu.

1916-cı ildə “Neft və milyonlar səltənətində” (İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında), 1917-ci ildə isə “Arşın mal alan” (Üzeyir bəy Hacıbəylinin eyniadlı operettası əsasında) qısametrajlı bədii filmi çəkildi.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində hökumət bir çox mədəni-siyasi islahatlar həyata keçirdi. Dünya kinosunun ilk örnəkləri Bakıya gətirildi, ictimai baxışlara təkan verildi; bununla da Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başladı və onlar 1918-ci ildə “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra (1923-cü ildə) respublikamızda Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradıldı və az sonra Birinci Dövlət Kinofabriki açıldı. Həmin fabrikdə çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında araya-ərsəyə gətirilmiş “Qız qalası” bədii filmi oldu.

Sonra kinostudiya “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” və “Azərbaycanfilm” adı ilə öz fəaliyyətini davam və inkişaf etdirdi. 1960-cı ildən isə “Azərbaycanfilm” kinostudiyası (Azərbaycan dramaturgiyasında sosial realizmin yaradıcısı, görkəmli dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, rejissor, Əməkdar incəsənət xadimi) Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək 2000-dən çox (fərqli növ və janrda) film istehsal olunub. Onların bir bölümü, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və b. Dövlət mükafatlarına, bir çox film, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və d. beynəlxalq və digər kinofestivalların ödüllərinə layiq görülüb.

Bu il 125-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəxas inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında önəmli rol oynayıb.

Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin 31.01.2018-ci ildə imzaladığı Sərəncam əsasında ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. 

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər içində respublika həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Bu gün gənclərimiz bir sıra yaxın-uzaq ölkədə kino sahəsində təhsil alır; eyni zamanda, ölkəmiz müxtəlif ölkələrdə keçirilən film festivallarında uğurla iştirak edir.

Beynəlxalq Kuno Günü ilə bağlı bütün kino işçilərimizi, bu sahədə xidmətlər göstərmiş sənətkarlarımızı təbrik edir, yeni sənət uğurları diləyirik!”

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.