Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən “Yaradanlar” film Nizami Kino Mərkəzində geniş ictimaiyyətə təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat veriri ki, Memarlar İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunmuş filmin ideya müəllifi Elbay Qasımzadə, rejissoru Şamil Əliyev, ssenari müəllifi Natiq Rəsulzadə, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynovdur.
Təqdimat mərasimində çıxış edən filmin rejissoru Şamil Əliyev ekran əsəri ilə bağlı məlumatları qonaqların diqqətinə çatdırıb. Film haqqında ətraflı məlumat verən Elbay Qasımzadə bildirib ki, ekran əsərinin çəkilişləri bir ilədək davam edib: “Filmin çəkilişləri asan başa gəlməyib. Hər iki memar haqqında arxiv materiallarının azlığına baxmayaraq, bu ekran əsəri çəkilib. Filmdə hər iki memarın həyat və fəaliyyətləri, taleləri barədə də məlumatlar yer alıb”.
Filmin ssenari müəllifi Natiq Rəsulzadə deyib ki, “Yaradanlar” sənədli film olmağına baxmayaraq, burada həm də bədii filmin elementləri var: “Gənc nəslin belə şəxsiyyətləri tanımağı vacibdir. İnanıram ki, bu film uzunömürlü olacaq”.
Film görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.
İl ərzində müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatalara layiq görülmüş film ölkədə ilk dəfə geniş atamaşaçı auditoriyasına nümayiş olunub.