“Məhəmməd, ay Məhəmməd, toyuq gətirmişəm…” Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Aktyormuz Lütfəli Əmir oğlu Abdullayevin həyatdan və incəsənətdən əbədi köçməsindən 50 il keçir.  Biz klassik Azərbaycan komediyalarını məhz ona görə, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Nəsibə Zeynalova, Siyaviş Aslan, Hacıbaba Bağırova görə sevirik. İndi niyə o cür sənətkarlar yetişmir axı? 

 

Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor

Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salıb. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda çalışıb, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.

Onun simasına, hərəkətlərinə, mimikasına sanki gülüş hopmuşdu, baməzəlik onun qanındaydı, buna görə də hər yerdə ona yaşıl işıq yanırdı. 

1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar,  ən uğurlu və uzunömürlü tamaşalarında çıxış edib. Onun yaradıcılığını üç bölümə ayırmaq olar: 

klassik operettalarda oynadığı rollar;

tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri;

çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.

Klassik operettalardakı rollarına "Məşədi İbad", “Arşın mal alan" kimi operettalar daxildir.

Aktyorun milli və tərcümə klassik əsərləri  əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal ("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.

Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajları da xatırladaq: Hamlet ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şoto Milorava), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote", Vladimir Dolidze).

Aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov), Şakir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", Qulamrıza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Murtuzov və Alanzadə, Eynəkii ("Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrıza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev) kimi obrazlar daxildir. 

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), “Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib.

Yeri gəlmişkən, mən bu ölməz aktyoru ilk dəfə məhz “Ulduz” filmində görüb sevmişəm. 

 

Nəsibə xanım Zeynalova əlində boxça ona yaxınlaşıb deyir:

-Məhəmməd, ay Məhəmməd, toyuq gətirmişəm.

O da üzünə guya müəmmalı ufadə verirmiş kimi, gözlərini də qıyaraq soruşur:

-Fermadandı?

Nəsibə xanım “yox, öz həyətimdəndir” deyəndə o da gülümsünüb “onda yeyərəm” söyləyir. 

Nə qədər kolorit, özünəməxsusluq var bu xırda epizodda. 

 

Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib.  Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.

Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar, 24 may 1960-cı ildə Xalq artisti fəxri adına layiq görülüb. 

Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.

2014-cü ildə Lütfəli Abdullayev haqqında "Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev" qısametrajlı sənədli fim çəkilmişdir. Filmin rejissoru Sənan Sultanovdur. Baş rolu Məhəmməd Samiroğlu ifa edir.

Lütfəli Abdullayev Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə, 1946-cı ildə Stalin mükafatı ilə təltif edilmişdir.

13 fevral 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Bəli, şənbə günü onun məzarını ziyarət etdik və bir daha əminlik qazandıq ki, xalqına bol gülüş, nikbinlik, gözəl əhval-ruhiyyə bəxş edən böyük sənətkar əsla unudulmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.