Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyinin və “British Council”un təşkilatçılığı ilə “Landmark” biznes mərkəzinin kinoteatrında "İrlandsayağı vidalaşma" qısametrajlı filmi nümayiş olunacaq. Filmin nümayişi Beynəlxalq Əlillər Gününə həsr olunub. Bu barədə xəbəri “Ədəbiyyat və incəsənət” portalı səfirliyin məlumatına əsaslanaraq verir.
Tədbirdə əlillik məsələləri üzrə ekspert, "Müstəqil həyat" İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov iştirak edəcək və nümayişdən sonra tamaşaçılarla sual-cavab sessiyası keçirəcək.
“İrlandsayağı vidalaşma” filmi “BAFTA 2023” və “Oscar 2023” mükafatlarının laureatıdır. Filmdəki hadisələr Şimali İrlandiyadakı kənd fermasında cərəyan edir. İrlandiyanı gənc yaşında tərk edən Tyorlou Makkeffri anasının vəfatı ilə əlaqədar doğma yurduna qayıdır. O, artıq Daun sindromu olan kiçik qardaşı Lorkanın qayğısına qalmalıdır. Lorkan ailə fermasında qalmaq və işləmək arzusunda olsa da, Tyorlou onu İrlandiyanın uzaq əyalətində yaşayan xalasının yanına göndərmək istədiyini deyir. Yerli keşiş Oşi qardaşlara mərhum analarının arzularının yazıldığı siyahını açıqlayır. Lorkan, yalnız analarının yarımçıq qalan arzularının əks olunduğu siyahını Tyorlou ilə birgə tamamladıqdan sonra fermadan çıxıb getməyə razılıq verir...
Bir sözlə, maraqlıdır, baxmağa dəyər.
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)