KİNO BƏLƏDÇİSİndə “Sirr” filmi Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Son zamanlar ölkəmizdə film sahəsində gözlə görülə biləcək dərəcədə inkişaf gedir. Əfsuslar olsun ki, düzgün maaliyyələşdirilmə aparılmaması və televiziyalarımızda bayağı şou proqramların və eyni zamanda  dırnaqarası aktyor və aktrisaların ön plana çəkilməsi gözəl filmləri kölgədə qoyur, bu filmlər izləyicilər üçün ekrana gətirilmir. 

 

Ancaq, You-Tube platformasında işlər bir qədər fərqli və daha dolğun inkişaf edir. Belə ki, son zamanlar xüsusən gənc aktyorların çəkildiyi sosial mesaj məqsədli filmlər Zaurun, Xoşqədəmin, Elgizin verilişlərindən daha çox maraq doğura bilir. 

Mən isə sizə məhz bu filmlər arasında  xüsusilə bəyəndiyim OG films və Azadlı productionun birgə fəaliyyəti əsasında çəkilmiş "Sirr" qısametrajlı filmini təqdim etmək istəyirəm. Bütün film boyu baş rolda Azad obrazına həyat verən aktyor Rüfət Nəzərin rolunu adəta yaşamış və mənə də, o duyğuları ötürə bilmişdir. Belə ki, qəhrəmanımız Azad mühafizə rəisi işlədiyi məktəbdə müdiri şikəst edəcək dərəcədə döydüyü üçün 5 il müddətinə azadlıqdan məhrum edilir. Həbsxanadan çıxmış aylardı iş tapa bilməyəm Azadın son dərəcə alicənab, ailəcanlı, xanımına aşiq və qızını göz bəbəyi kimi qoruyan bir kişi rolunu canlandırması elə filmin ilk başlarından bəlli olur. Lakin filmin gedişatında Azad həyat yoldaşı Arzu ilə maddiyyat sıxıntılarından dolayı mübahisələr yaşamağa başlayır. Ata və anasını erkən yaşlarından itirən qərhəmanımız başlarda nə qədər razı olmasa da, xanımının xahişini yerə salmayıb qayınatasının yanına iş üçün getməli olur, hadisələr tam da onun düşündüyü kimi baş verir. Belə ki, Azad qayınatasına son dərəcə sakit yanaşmağa çalışsa da, kişi onu aşağılamaqda, öksüzlüyünü, məhkumluğunu üzə vurmaqda israrcı olan, eyni zamanda öz işçiləri ilə də it kimi davranan, cibi dolu olsa da, kişiliyi satın ala bilməmiş bir alçaq olduğu üçün Azad onun təhqirlərinə dözməyib oradaca dava salır və məyus halda evə dönür. Təbii ki, atasının həyat yoldaşı tərəfindən döyülməsini birmənalı qarşılamayan Arzu və Azad arasında boşanma həddinə çatacaq qədər bir mübahisə yaranır. Bütün film boyu diqqət etdiyim əsas nüans isə Azadın istənilən münaqişədə hər nə qədər alçaldılsa belə öz təmkinini qoruması olduğundan elə bu səhnələrdə də Azadın davranış və düşüncələri obraza qarşı rəğbətimi olduqca artımışdı. Hadisələrin kuliminasiya nöqtəsi isə Azadın keçmiş əsgər yoldaşı Vüqarla qarşılaşması ilə başlanır. İlk başlarda köhnə dostların qarşılaşmasının müsbət bir hal olacağını və Azadın həyatının yüngülləşməsinə səbəb ola biləcəyini düşünsəm də, hadisələrin gedişatı təxminlərimi alt-üst edə bilir. Belə ki, Vüqarın hal və hərəkətlərindən doğru insan olmadığı bəlli olsa da, baş verəcək iyrəncliklər filmin sonunda öz zirvəsini yaşayaraq izləyiciləri müxtəlif duyğular içində buraxır. Axşamüstü yoldaşı ilə dalaşandan sonra Vüqarla görüşməli olan Azad onun dəvətini geri çevirməyib Vüqarın evində içki süfərsinə qonaq olur. Masada əyləşən köhnə əsgər yoldaşları Vüqar, Azad və Qoca ləqəbli bir digər dostdan əlavə Vüqarın qardaşı Mikayıl içki masasında bayağı söhbətlər edərkən Azadın düşüncə və üslubu keçmiş dostlarının tam tərsi olduğundan ilk başlarda lağa qoyulsa da, sonradan Azadın sevgiyə olan münasibəti, eşqi atasından öyrənməsi olduqca təsirli idi. Hətta, atasının bir ifadəsi ilə Azad könülləri fəth etməyi bir daha bacarır.

-Hətta, anam vəfat edəndən sonra da, atam anamın ondan öncə vəfat etdiyi üçün şükr edirdi. O deyirdi ki, əgər anamdan öncə ölsəydi anam atamın ölümündən çox kədərlənərdi.

Bu əhvalata təsirlənmiş kimi görünən Mişa, Vüqar və Qoca isə öz "kiçik" sirrlərini bölmək üçün yan otaqda saxladıqları 13 yaşlı qız uşağını süfrəni yığışdırmaq üçün yanlarına çağırırlar, bu zaman Azad düşünür ki, uşaq onlardan hansınınsa övladıdır. Lakin uşağa diqqət edən zaman boynunda və üzündə şiddət, zorakılıq izləri görən Azad hadisələrin niyə baş verdiyini anlamaq üçün "dostlarını" sual-cavab etmək istəyir. Elə bu zaman Qocadan o mundar cavab gəlir. “Görürəm yaman gözün düşüb, istəyirsən şərait yaradaq, yan otağda işini gör."

Eşitdikləri və gördükləri qarşısında şoka girən Azad özünü ələ ala bilmək üçün hamam otağına keçən zaman yenidən qızı yaşındakı körpə qızcığazla qarşılaşır və onun yalvarış dolu baxışları, kömək dilənməsi qarşısında nə edəcəyini bilmir. Masaya geri dönəndən sonra işlərin yaxşı getmədiyini anlayan Azad Arzunun ona zəng etməsini bəhanə edərək evə getməli olduğunu bildirib masadan ayrılmasından dərhal sonra dözməyib içəri daxil olaraq qızın ona verilməsini, heç kimə heç nə bildirmədən gedəcəyini desə də, bir faydası olmur. Belə ki, dostları tərəfindən döyülərək anbara atılan Azad həmən körpənin köməyi ilə bıçaqla kəndiri kəsir və qızı qaçırtmağa çalışdığı zaman digərlərinin hücumuna məruz qalır.

Aralarında qanlı dava düşən zaman hər 3 nəfəri bıçaqla qətlə yetirərkən qarnına saplanan bıçaq zərbələrindən halı pisləşən Azad qıza yalvarır ki, onu oradaca qoyub qaçsın və tez buralardan xilas olsun. Balaca hər nə qədər onu orada qoymaq istəməsə də, başqa çarə tapa bilmir.

 

Azad aç bu telefonu...

Ata mən boşanmayacağam.

Sən bizi heç nəyə möhtac etməsən də, mən Azadda sənin anama vermədiyin sevgini gördüm. Sən hər zaman anamı döyərdin. Azad isə mənə bir dəfə də əl qaldırmayıb. Mən ikinci övladıma hamiləyəm.

Ata mən boşanmayacağam.

Arzu: Hamiləyəm.

 

Bu möhtəşəm film pedofiliya, zorakılıq və təcavüz qurbanlarına həsr olunmuş, izləyərkən adamın boğazını düyünləyən, gözlərini yaşardan real hadisələr əsasında çəkilərək Bakıda "dəm qazından boğularaq” vəfat edən 2007-ci il təvəllüdlü Cəmilə Rəhimovaya həsr olunub.

Filmdəki səhnələrin reallığı, Azadın hallüsünasiyaları, həyat yoldaşına olan sevgisi, övladı yaşında uşağı ölümə tərk etməməsi, Arzu rolunu canlandıran aktrisanın obraza həyat verməsi olduqca möhtəşəm idi. Ancaq müsbət qəhrəmanları  ucaltdığım qədər rollarının haqqını verən, məndə ikrah hissi doğuran, ekrandan hücum edib boğazını kəsib təcavüz etdikləri on üç yaşlı qızcığazın ayaqları altına atmaq istədiyim "dostlara", kişiliyini pulla ala bilməyən "pullu qayınataya" mənə bu qədər nifrət hissi yaşatdığı üçün ayrıca təşəkkür edirəm.

Film izlənməyə dəyən təsirli bir filmdir. İstəyən hər kəs izləyə bilər lakin, filmin gedişatında siz söyüş və təhqirlərlə +18 ifadələrlə qarşılaşa bilərsiniz. Mən izləmək istəyənlər üçün aşağıda link də yerləşdirirəm.

 

https://youtu.be/JUqNKjHVQG4?si=lVkmySnrSGC2VdrW

 

Oxuyan və izləyən hər kəsə dərin hörmətlərlə.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2013)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.