AzTV növbəti ildən cizgi filmlər istehsal edəcək.
“Ədəbiyyat və incəsənət” portalı AzTV-yə istinadən xəbər verir ki, bu barədə Ankarada səfərdə olan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovla Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub.
Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.
Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərinin hazırlanmasıdır.
Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, Azərbaycan Televiziyasının əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)