“Mərmər soyuğu” Cottbus Beynəlxalq Film Festivalının əsas müsabiqəsində

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində keçirilən 33-cü Cottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.

 

Kinostudiyanın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, “Mərmər soyuğu” festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq.

 

Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.

 

Filmdə baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

 

Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.