Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayeləri üzrə tədris və inkubasiya mərkəzində Komediya və performans məktəbi üçün müraciətlərin qəbuluna başlandı.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Komediya və performans məktəbi 15-99 yaş arası insanların ünsiyyət bacarıqlarını təkmilləşdirən və yumor hissini inkişaf etdirən, ən əsası isə peşəyə yiyələnmək imkanı yaradan bir təsisatdır. Tədris Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Məktəbin məqsədi insanlara səhnədə öz potensiallarına çatmaqda kömək etməkdir. Təhsili başa vuran məzunlar təkcə peşəkar komediyaçı deyil, həm də aparıcı, aktyor, ictimai xadim və həmçinin ssenari müəllifi ola bilərlər.
Məktəbin direktoru Teymur Kərimzadə komediya ustası, stendap-komediyaçısı, radio aparıcısı, Azərbaycanda "Comedy Bazaar" platformasının təsisçisidir.
Məktəbin kreativ direktoru və təhsil üzrə rəhbəri Cavid Kurbanovdur. O, məşhur telelayihələrin həmtəsisçisi, bir çox komediya şoularının prodüseri və ssenaristi Semyon Slepakovla həmmüəllifidir.
Məktəbin bədii rəhbəri komediya aktyoru, rejissor, ssenari müəllifi, “Planeta Parni iz Baku” ŞHK-nun üzvü Ələkbər Əliyevdir.
Qeydiyyat oktyabr ayının 30-na kimi davam edəcək. Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub Komediya və performans məktəbi bölməsindən qeydiyyat üçün müraciət edə bilər.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)