“Bu gecə, bu qoca, bu ocaq!” - Bu gün “Dantenin yubileyi”nin premyerası olacaq Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

-Bu gecə, bu qoca, bu ocaq.

- Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında - daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol projektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.

Rejissor qıvraq bir sıçrayışla pilləkənləri qət edib səhnəyə qalxdı, ön tərəfdə dayanmış qarabuğdayı sinli kişiyə yanaşdı:

-Feyzulla, atam, qardaşım, - deyə sakit və təmkinlə danışmağa çalışdı, - özüvə yazığın gəlmir, bizə gəlsin. Səhər doqquzdan burdayam, ağzıma bir tikə çörək almamışam. Atam-anam sənə qurban, axı biz də yazığıq. Bütün əsərdə üç kəlmə sözün var; onu da fərri deyə bilmirsən. Axı bu zəhirmarın harası çətindir: Bu gecə. Bu qoca. Bu ocaq. Vəssalam.

Feyzulla çirkli, əzik dəsmalını çıxartdı, tələsik-tələsik üzünün, alnının tərini sildi.

-Bu saat, bu saat, - deyə Rejissoru sakitləşdirməyə çalışdı. - Bu saatca, bu saatca deyəcəm, darıxma.

Rejissor papirosunu «Kazbek» qutusuna döyəclədi, üfürüb damağına qoydu, yandırmadı.

-Hə, di de görüm.

- Baş üstə, bu saat, bu saat.

Rejissor kibrit çəkdi, arxaya çevrilmədən gerisində dayanmış aktyora:

-Əlikram, replika, - dedi.

Arxada dayanmış aktyor Feyzullaya müraciətlə:

- Bəs hanı? - deyə soruşdu.

Feyzulla:

- Bu kecə, bu qoca, bu ocaq, - dedi.

Rejissor:

- Tfu, sənin... - deyə sözünü yarımçıq kəsib becid bir yerişlə səhnədən düşdü, yerinə qayıtdı, papirosu külqabıya basıb söndürdü. Sonra döş cibindən balaca həb çıxarıb dilinin üstünə qoydu, stəkana su töküb içdi. Oturdu.

Feyzulla:

-Əsəbiləşmə başına dönüm, əsəbiləşmə, - deyə Rejissora yalvardı, - bir hovur səbr elə, bu saatca deyəcəyəm. Bilmirəm, mənə nə olub bu gün, karıxmışam…

 

Bu, mənim Anar yaradıcılığından ən çox sevdiyim “Dantenin yubileyi” əsərinin başlanğıcıdır. Bu zavallı aktyor Feyzulla Kəbirlinskinin başına nələr gəlir, ilahi. Biz qəhrəmanları qəzaya salır, xəstələndirib öldürür, döydürürürük. Anarsa sadəcə bir sözlə, bir zarafatla, mənəvi öldürür. 

Bu gün gözəl gündür, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası bu gün və sabah  gerçəkləşəcək.

Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur. 

Səhnə əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.

“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.

-Bu gecə, bu qoca, bu ocaq.

Bu kəlmələri əzbərləyə bilmir, insan və cəmiyyət təzadını gözəl ümumiləşdirir. Və öncədən anons verim ki, Xalq artisti Sabir Məmmədov Feyzulla obrazını hədsiz gözəl canlandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.