Lənkəran Teatrı Bakıda “Qonaq Teatr” layihəsi çərçivəsində “Cəmilə” tamaşasını təqdim edib

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq Teatr” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı “Cəmilə” (Çingiz Aytmatov) romantik dramını tamaşaçılara təqdim edib.

 

Teatrdan verilən məlumata görə, tamaşa Lənkəran Dövlət Dram Teatrının bərpasının 50 illiyi münasibətilə nümayiş olunub.

Teatr Xadimləri İttifaqının böyük səhnəsində göstərilən tamaşada müharibənin insanların taleyinə vurduğu zərbələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Xankəndində Azərbaycan bayrağının ucaldılması münasibətilə hamını təbrik edib.

Hacı İsmayılov teatrın keçdiyi zəngin inkişaf yolundan söz açıb. Qeyd edib ki, repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, bir çox beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edir.

Azərbaycan səhnəsinə maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzulayan Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və bərpasının 50 illiyi münasibətilə teatrı İttifaqın Fəxri fərmanı ilə təltif edib.

Tədbirdə, həmçinin teatrın bərpasında xüsusi xidmətləri olan aktyorlar - Xalq artisti Qabil Quliyev Fəxri fərmanla, Xalq artisti Böyükxanım Əliyeva və aktrisa Şahrud Mehdiyeva “Qızılgül” mükafatı ilə təltif olunublar.

Sonda tamaşanın uğurlu quruluşuna görə gənc rejissor İmran Ali Qurban İttifaqın Fəxri fərmanına layiq görülüb.

Təltif olunanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.