“Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlər davam edir.
AzərTAC xəbər verir ki, bu silsilədən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi Gözəl" baleti nümayiş olunub.
Qara Qarayev "Yeddi gözəl" baletini Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edib. Tamaşanın librettosu Nizaminin eyni adlı poemasının motivləri əsasında yazılıb. Baletin ilk tamaşası 1952-ci il noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. 1978-ci ildə Q.Qarayevin 60 illik yubileyi münasibətilə "Yeddi gözəl" baletmeysterlər R.Axundova və M.Məmmədov tərəfindən yeni versiyada səhnəyə qoyulub. Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış ediblər. Balet, həmçinin Türkiyə, Rusiya və s. ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulub.
2008-ci ildə "Yeddi gözəl" baleti dahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnələşdirilib.