Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda ölkəmizi “İnanıram” tamaşası ilə təmsil edəcək

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

 

Teatrdan bildirilib ki, “ART - ORDO 2023” IX Teatr Festivalı Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunub.

Sentyabrın 30-dək davam edəcək festivalda Gənc Tamaşaçılar Teatrı “İnanıram” adlı monotamaşa ilə çıxış edəcək.

Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

 

Şəkildə: Tamaşadan səhnə

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.