Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Vətəni Antik Yunanıstan sayılsa da, mənbələrə görə teatır sənəti rəqs formasında hələ ta daş dövründən mövcud olub.
Əgər buradan yola çıxsaq ,bəlkə də elə Qobustanın qayaüstü rəsmlərindəki yallı səhnələri də elə bir teatr nümunəsi idi.
Teatr əvvəl "Dionis teatrı" adlanan və dini bayramların keçirilməsi üçün nəzərdə tutulan teatr vasitəsi ilə Yunanıstandan Aralıq dənizi hövzəsindəki ölkələrə aparılır.
Daha sonra Pun müharibələri dövründə romalılar tərəfindən mənimsənilən yunan teatr mədəniyyəti Romada inkişaf etməyə başlayır.
Sonralar isə deyilənə görə pantomimanın yaranması və inkişafı ilə teatr öz əhəmiyyətini itirir.
Teatr sahəsində mənim marağımı da elə ən çox cəlb edən pantomim teatrıdır.
Pantomim teatrı aktiyorlarının üzlərinə rəsm edilən gülən maska şəkli insanların gülüşləri ilə pərdələdiyi, xoşbəxtmiş kimi təbəssüm edən simalarının arxasına gizlədikləri hüzn və kədəri, "içim içimi yandırır, çölüm özgəsini" misalını və bəzən də yaxşı insan maskası taxmış, əslində isə içi çürük olan məxluqları, mələk simalı, mələk donlu şeytanları simvolizə edir sanki.
Aktyorların susqunluğu bəzən söz və səsin hər şeyi ifadə, təsvir və tərif etmək qarşısında aciz olduğunu, bəzən bastırılmış, susdurulmuş, pərdələnmiş həqiqət, vicdan və ədaləti, bəzən insanların ruhundan qopan fəqət qəlbin daş divarlarına çırpılıb əks sədası yenə elə qəlbin özündə çınlayıb başqa kimsələr tərəfindən eşidilməyən qışqırıqları, ah nalə və üsyanı, bəzən maddi dünyadan qopub öz təxəyyül dünyasında yaratdıqları xəyal dünyasında yaşayan insanları, bəzən etinasızlaşmış, soyumuş, laqeydləşmiş insan hisslərini, və içində bəlkə tufanlar qopsa belə yenə də cınqırını çıxarmayan insan əzəmətini, bəzən qürur, bəzən vüqarını, Nəsiminin dərisi soyularkən saralan simasına ad verərkən "Günəş qürub edəndə saralır" deməsini təmsil edir.
Və ən nəhayətində jestlər və mimkalar maqnit qütbləri kimi özü ilə təzad təşkil edən insanı ehtiva edir. İnsan bəzən hər nə qədər itici görünsə də, bəzi məqamlarda çəkir özünə. İnsan bəzən hər nə qədər inadkarlıqla sussa da, içində bir yerdə hər zaman danışmadan, özünü ifadə etmədən, yorulmadan anlaşılmaq istəyir bir başqası tərəfindən. İnsan hər nə qədər bəzi hisslərini basdırmağa çalışsa da davranışları və baxışlarıyla mütləq bir məqamda ələ verir özünü, insan hər nə qədər qorxsa da ədalətsizlik önündə susmamaq, ədalətin səsini hər yana duyurmaq istəyir.
Qısaca "mim" adlanan bu sənət sözsüz teatr oyunu hesab edilir.
Burada aktiyor əsərin məzmun və mənasını tamaşaçılara səs və sözlərlə deyil jest və mimikalarının, başqa sözlə desək, bədən dilinin vasitəsi ilə çatdırır.
Universal teatr dili kimi qəbul olonan pantomimanın hələ miladdan əvvəlki dövrlərdən mövcud olduğu bildirilir.
Mim sözü təqlid və ya təmsil etmək mənalarını verən "mimeisthai" yunan sözündən yaranmışdır.
Mim sənətinin əsasında duyğu və düşüncələri bəzən musiqi, bəzən əşya, bəzən rəqs və bəzən də mimika və jestlərlə çatdırmaq ideyası durur.
Ölkəmizdə bu teatr sahəsinin əsasını qoyan xalq artisti Bəxtiyar Xanzadə olmuşdur.
1994-cü ildə Mədəniyyət Nazirliyinin sərəncamı ilə Azərbaycan gənc tamaşaçılar teatrının nəzdində fəaliyyətə başlıyan "Dəli yığıncağı" adlı pantomim tetr studiyası yaradılmışdır və 2000-ci ildə " Dəli yığıncağı" pantomim teatr studiyasına dövlət statusu verilmişdir.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)