Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrı 115-ci teatr mövsümünün açılışına hazırlaşır.
Teatrın məlumatına görə, Azərbaycanın Xalq artisti, teatrın direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.
Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini təqdim edib.
Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin sentyabrın 18-də və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.
Sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirilib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır. Əsas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkil edilməsidir. Həmçinin qeyd olunub ki, milli və unudulmuş operalarımızın bərpası teatrın qarşısında dayanan məsələlərdən biridir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)