Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə Kino və Televiziya Peşəkar Assosiasiyası
tərəfindən təşkil edilən IX “İpək Yolu" Beynəlxalq Film Festivalının finalçıları müəyyənləşib.
AzərTAC xəbər verir ki, Türkiyə, Çin, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, İtaliya, Suriya, Hindistan, İraq, Yunanıstan, İran, Əfqanıstan və Pakistan kinematoqrafiyasından 3089 filmin iştirak etdiyi festivalda münsiflər heyətinin ilkin baxışının yekunlarına əsasən milli və beynəlxalq dərəcəli finalçılar seçilib.
Festivala azərbaycanlı rejissor Firəngiz Qurbanovanın “Araxçın” animasiya filmi beynəlxalq festivalın finalçıları arasında yer alıb.
Xatırladaq ki, “Birlik” studiyasında istehsal olan “Araxçın” cizgi filmi cari ildə Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında “Dünya Mədəniyyəti”nin peşəkar filmləri kateqoriyası ilə iştirak edəcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova, rəssam-animator Zema Əhədovadır.