Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dramı Bakı Bələdiyyə Teatrının təqdimatında geniş tamaşaçı auditoriyasına təqdim olunub.
AzərTAC xəbər verir ki, Bakı Bələdiyyə Teatrının 29 yaşı münasibətilə hazırlanan təqdimat, eyni zamanda, Azərbaycanın Zəfər bayramına həsr olunub.
Bayram tədbirində Azərbaycanın tanınmış simaları, ictimai-siyasi xadimləri, eləcə də qonaqlar iştirak ediblər.
Tədbirdə Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxış edərək tamaşa haqqında ümumi məlumat verib, daha sonra sözü Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verib.
A.Qurbani çıxışında qonaqları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Azərbaycan Dövlət Himninin sədaları altında şəhidlərimiz ruhu dərin ehtiramla yad olunub.
Abdulla Qurbani Azərbaycan-Türkiyə dostluğundan bəhs edərək, bu dostluğun qədim tarixi keçmişə dayandığını xüsusilə vurğulayıb.
Sonra tamaşa təqdim edilib.
Xatırladaq ki, Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
Tamaşanın ideya rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.