Bir həkimin səhlənkarlığının qurbanı olan məşhur aktyor Featured

BU GÜN ONUN 80 İLLİYİDİR

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Özünüzü əbəs yerə yormayın. Xoşbəxtlik onu axtaranları yox, özü seçdiyi adamları tapır. Amma heç kim və heç nə bu dünyada əbədi deyil- bütün tikililərin sonu xarabalıq, əşyaların axırı tullantı, canlıların aqibəti ölümdür. Bəxtəvər o kəslərdir ki, öləndən sonra yaddaşlarda yaşayırlar. O da Azərbaycan kino tarixində unudulmazlıq qazanan aktyorlardan biridir. Otuz bir ildir ki, aramızda yoxdur. Fəqət yaşadığı qırx səkkiz ildə elə bir yol keçib ki, hər iki dünyanın rəhmətinə qovuşa bilib. Kinomuzda yaratdığı obrazlarla tarixləşən, xalq artisti Şahmar Ələkbərovu deyirəm...

 

1943-cü ildə Gəncədə, əslən Cəbrayıldan olan Zülfüqar kişinin ailəsində dünyaya gəlmişdi. Orta təhsilini 15 yaşında Bakı şəhərində başa vuraraq, Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuşdu. Oranı müvəffəqiyyətlə bitirib Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdı...

 

Ömür-gün yoldaşı teatrşünas Kamilə Ələkbərova idi. İki ekiz qızı- İzulət və Ləman uzun illərdir ki, xaricdə yaşayırlar. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığında Fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır...

 

Şahmar Ələkbərovun kino səlnaməsi "Dağlarda döyüş" filmindən başlayıb. Sonuncu çəkildiyi "Qəzəlxan" filminə qədər bir sıra yaddaqalan obrazlar yarada bilib. 1976-cı ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb...

 

Aktyor həkim səhlənkarlığı ucbatından ömrünün son yeddi ilini çox ağrılı keçirib. Dişini çəkən stomatoloq onun dilini zədələdiyindən ağzında bəd xassəli şiş yaranıb. Almaniyanın Hamburq şəhərində müalicə olunsa da, nəticə uğursuz olub və 12 avqust 1992-ci ildə, 48 yaşında ikən dil xərçəngindən vəfat edib...

 

Yaşasydıı bu gün Şahmar Ələkbərovun 80 yaşı tamam olacaqdı. Heyf, çox heyf ki, Azərbaycan kinosu onun timsalında parlaq istedadlı bir sənətkarını itirib. Amma nə xoş ki, cismən aramızda olmasa da, yaratdığı obrazlarda hələ də yaşayır. 

Bəli, tarixə çevrilən insanlar heç zaman unudulmurlar, Şahmar Ələkbərov kimi...

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.