Zəfər Günü münasibətilə Bakı Uşaq və Gənclər Teatrı iki rayonda rəsmilərin, şəhid ailələri və qazilərin iştirakı ilə “Cənnətə bilet” tamaşasını nümayiş etdirib.
İdarədən AzərTAC-a bildirilib ki, tamaşanın ilk premyerası Suraxanı rayonunda keçirilib.
Daha sonra tamaşa Sabunçu rayonunda nümayiş olunub. Tamaşadan əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar şöbəsinin müdiri Ədalət Teymurov, Milli Məclisin deputatları Rauf Əliyev və Vüqar İskəndərov çıxış edib. Tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır. Tamaşa torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunub.
Tamaşada II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb.
Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidiblər. Amma uşaq təfəkkürləri ilə “bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünüblər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığıblar. Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğullarımız üçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb. Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunub.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynlidir. Rollarda Mehman Piriyev, Flora Hüseynova, Qurban Əhmədov (II Qarabağ müharibəsi iştirakçısı), Gülnar Əlizadə, Rəhimə Abdinova və Əli Babayev çıxış edib.