“Heydər Əliyev İli” çərçivəsində Misirdə təşkil olunan “Quran” hafizləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirləri davam etdirir. Cəmiyyətin binasında bu ilin iyulunda elan edilmiş “Qurani-Kərim”in hafizləri arasında müsabiqənin nəticələri açıqlanıb. 

 

AzərTAC xəbər verir ki, müsabiqədə iştirak edənlərin mükafatlandırılması mərasimində çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlərin keçirildiyini bildirib. O qeyd edib ki, xəttatlar arasında keçirilən müsabiqə də bu qəbildəndir. Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmaya sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.

Tədbirdə çıxış edən Misirin Ali Təhsil Nazirliyinin xarici əlaqələr departamentinin baş direktoru Bağdadi İmam bildirib ki, iki ölkə arasında dostluq əlaqələrinin qədim tarixi var. Xalqlarımızı böyük hörmət və doğmalıq hissləri bir-birinə bağlayır. 

Qeyd edək ki, misirli və Qahirədə təhsil alan əcnəbi gənclərin iştirak etdikləri müsabiqənin iştirakçılarına diplomlar və 6 qalibə pul mükafatı təqdim olunub. 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqələrin 5 qalibinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.