“Bu mədəniyyət bayramı səbirsizliklə gözlənilirdi, çünki Özbəkistanın mədəniyyəti Azərbaycanda çox sevilir. Biz çoxdandır ki, belə geniş palitrada, heyətdə özbək həmkarlarımızı bu cür qarşılamırdıq. Ona görə də bu, Azərbaycan, həmçinin Özbəkistan mədəniyyət xadimləri, üçün böyük təntənə və bayramdır.”
Bu sözləri mediaya açıqlamasında “Özbəkistan mədəniyyəti günləri”nin açılış mərasiminə həsr olunmuş konsertdə iştirak edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.
“Yayın bu cür istisində çox insanların istirahətdə olduğuna baxmayaraq qısa zamanda bilet və dəvətnamələr bitdi. Burada uzun illərdir fəaliyyətlərini izlədiyimiz, tanıdığımız sənət ustaları ilə yanaşı, gənc nəslin musiqiçiləri, rəqs xadimləri də öz sənətlərini göstərəcəklər. Bu proqrama, eyni zamanda teatr tamaşaları da daxildir. Milli Kitabxanada Özbəkistandan gətirilən kitabların təqdimatı da olacaq. Bizi bu isti yay günlərində maraqlı proqram gözləyir. Xatırlatmaq istərdim ki, yaxın günlərdə ölkəmizdə "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən müsabiqədə müxtəlif nominasiyalarda bir Qran-Pri mükafatını, həmçinin 1-ci yeri özbək musiqiçiləri qazanıblar. Özbək musiqiçiləri hər zaman Azərbaycanda çıxış etməyi və sevilməyi özlərinə şərəf biliblər. Xüsusilə qeyd etmək olar ki, Azərbaycan musiqiçiləri də Özbəkistanda yüksək səviyyədə qarşılanır. Bu iki qardaş ölkə arasında olan dostluq əbədidir və sarsılmazdır”, - deyə C.Səlimxanov qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)