Özbəkistan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər

Avqustun 1-də Özbəkistan Respublikasının ölkəmizə təyin olunmuş səfiri Bahrom Aşrafxanov, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov, “Özbəkistan ədəbiyyatı və incəsənəti” qəzetinin baş redaktoru Salim Aşurov, yazıçı Xondamir Qadiri, Özbəkistan Yazıçılar İttifaqının üzvü Bahadur Kerimov və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni fəaliyyətin inkişafı şöbəsinin müdiri Camşidbek Niyazbekov Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər.

 

Milli Kitabxananın yaydığı məlumata görə, görüş zamanı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları kitabxanada görməkdən məmnunluğunu bildirərək, onlara Azərbaycan Milli Kitabxanası haqqında məlumat verib. 

K.Tahirov Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırıb.

Səfir Bahrom Aşrafxanov Azərbaycan Milli Kitabxanasında ilk dəfə olduğunu qeyd edərək, burada olmağından xoş hisslər keçirdiyini dilə gətirib. O, eyni zamanda 2 qardaş ölkə arasında dostluq münasibətlərinin mədəniyyət və ədəbiyyat sahəsində də davam etdiyini bildirib. 

Səfir Azərbaycan yazıçılarının əsərlərinin özbək dilinə tərcümə olunaraq, Özbəkistanda “Azərbaycan mədəniyyəti günləri” adlı tədbir təşkil ediləcəyini qeyd edib. B.Aşrafxanov AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, BDU, ADU və bir sıra təşkilatlarla birlikdə layihələrin mövcud olduğunu, özbək ədəbiyyatı klassiklərinin, müasir özbək ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunduğunu vurğulayaraq, qarşılıqlı əməkdaşlıq çərçivəsində baş tutacaq layihələr əsasında iki ölkənin mədəniyyətinin tanınması ilə bağlı fikirlərini dilə gətirib. 

Sonda qonaqlar kitabxanada yerləşən “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı” ilə tanış olaraq, kitabxananın fondu haqqında məlumatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.