Rəngbərəng gözəllik - II Milli Qurama Festivalı bölgələrdə davam edir

Xəbər verdiyimiz kimi, həftəsonu İçərişəhər ərazisində II Milli Qurama Festivalı başlayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivala yürüş ilə start verilib.

Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qədim tikmə növü olan, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu xüsusən ölkəmizin Qərb bölgəsində geniş yayılıb. Amma get-gedə qurama unudulmaq təhlükəsi yaşayır. 

Festivalın açılışında milli sənət nümunəmizə həsr edilən Milli Qurama Festivalı müxtəlif tədbirlərlə davam edib. 

Festival proqramına “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə qurama sənətkarları ilə yanaşı, həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi daxildir.

Qeyd edək ki, II Milli Qurama Festivalı İçərişəhərdən başladıqdan sonra bölgələrdə davam etməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.