İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında “Cinayətkarlıqla və ekstremizmlə mübarizədə mədəniyyət və incəsənətin rolu” mövzusunda beynəlxalq elmi forum işə başlayıb.
Təşkilatın baş qərargahından AzərTAC-a bildiriblər ki, yüksək səviyyədə qonaqların iştirak etdiyi bu forum Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universiteti (NAUSS) və Birləşmiş Millətlər Təşkilatının Körfəz Əməkdaşlıq Şurası Regionu üzrə Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNODC) ilə birgə keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd cinayətkarlıqla mübarizəyə mədəniyyət xadimlərinin verə biləcəyi töhfəni müzakirə etmək, birgəyaşayışın dəstəklənməsi üçün mədəni və bədii məzmunun əhəmiyyətinə işıq salmaq və bu sahədə ən yaxşı ərəb, regional və beynəlxalq təcrübələri nəzərdən keçirməkdir.
Üç gün davam edəcək forumun açılış sessiyasında təşkilata üzv ölkələrin Daxili İşlər, Ədliyyə, Sosial Məsələlər, İnformasiya və Mədəniyyət nazirliklərinin yüksəkvəzifəli şəxsləri və ekspertləri, regional və beynəlxalq təşkilatların nümayəndələri, universitet professorları və elm xadimləri iştirak ediblər.
Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə açılıb. Sonra forumda çıxış edən ICESCO-nun Baş direktoru Salim Əl Malik mədəniyyət və incəsənətin insan həyatında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, cəmiyyətdə örnək olmayan cinayətkarlıq və ekstremizm ağır sosial şəraitin məhsuludur. Baş direktor mədəniyyət və incəsənət siyasətinin cinayətkarlıq və ekstremizm problemlərinin həlli vasitəsi kimi əhəmiyyətinə, ziyalıların sosial siyasətdə və sivilizasiya quruculuğunda roluna toxunub. O əlavə edib ki, universitetə qədər olan dövrdə bədii təlim materiallarının bolluğu, habelə mədəniyyət obyektlərinin sayının artması gənclərin ekstremizm meyillərindən uzaq durması baxımından əhəmiyyətlidir.
“Ədəbiyyat və incəsənət”
(19.07.2013)