İyulun 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə həyata keçiriləcək.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş tutacaq görüşdə Xalq artisti N.Mehdixanlı Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək. Tədbir müddətində həmçinin “Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətində milli teatr sənətinin inkişaf perspektivləri”, “Teatr yaradıcılığında Heydər Əliyev fenomeni” və “Peşəkar aktyorluq sənətinin müasir Azərbaycan gəncliyinin maarifləndirilməsi istiqamətində effektiv təbliği və əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində istedadlı musiqiçilərin ifasında dillər əzbəri olan xalq mahnıları və təsniflər səsləndiriləcək.
Qeyd edək ki, həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.
Bu barədə Oxu.az məlumat verir.
“Ədəbiyyat və incəsənət”
(18.07.2023)