Kitabsevərlər və kitab sənayeçiləri üçün xoş müjdə: Milli Məclisdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Dinləmədə deputatlar, nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları, media qurumlarının rəhbərləri iştirak ediblər.
Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.
Daha sonra dinləmə iştirakçıları dövlətin kitab sənayesinin inkişafı istiqamətində atdığı addıma münasibət bildiriblər və öz təkliflərini səsləndiriblər.
Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar da müzakirə edilib.
“Azərkitab” kitab mərkəzinin direktoru Sabir Həsənov portalımıza verdiyi açıqlamasında qeyd edib ki, 2017-ci ildən bu mütərəqqi addımın atılması üçün fəaliyyət göstərib, əlaqədar qurumlara dəfələrlə bu yöndə müraciətləri olub. Sabir Həsənov bildirib ki, bu prosesin reallaşması kitab ticarətinin, ümumən kitabçılığın inkişafını şərtləndirəcək. Kitab isə milli inkişafın əsas sütunlarından hesab edilir.