Azərbaycan sevdalısı, hindtoyuğu əvəzinə qartal və tarixin ən məşhur öpüşü Featured

1-10 iyulun təqvimi Varisin təqdimatında.

1 iyul, Kanada Günü
6 saatlıq qurşaqda yerləşən, Şimali Amerika materikinin ucu-bucağı görünməyən çöllərini əhatə edən bu soyuq coğrafiya həm də mühacir idxal edir, “Yaşıl pasport” siyasəti yeridir, bu səbəbdən də ona soyuqluğunu bağışlayıb dünyanın hər yerindən isti qəlbli insanlar vətəndaşlıq almaq çabalarına girişirlər. Kanada barədə çoxlu qeyri-adi faktlar var, məsələn, dünyanın ən uzun küçəsi – 1896 kilometrlik (bəli, bəli, rəqəm səhvi yoxdur, məhz bu qədər) Yanq Strit küçəsi bu ölkədə yerləşir, Torontonun Ontario əyalətindən, Ontario gölünün sahillərindən başlayan Yanq Strit küçəsi düz ABŞ sərhədinə - Minnesotaya qədər uzanır. Demək, Kanadanın əksər dünya ölkələrinin boyaboy uzunluğundan uzun olan bir küçəsi varmış.
Kanada həm də dünyada ən uzun sahil xəttinə malikdir, sərasər 202 080 kilometr. Dünyanın ən böyük dəmir pulu – diametri 1 metr olan Ontario sikkəsi də Kanadaya məxsusdur. Dünyada ən böyük monitor da bu ölkədə quraşdırılıb – Sony kompaniyasının istehsal etdiyi 10 x 33,6 metrlik ekran Toronto şəhərinin SkyDome zalında, Rodjers mərkəzində yerləşir.
Kanada məşhur Vinni Pux adlı cizgi qəhrəmanının vətəni də hesab edilir. 1915-ci ildə Vinnipeq adlı ayı balası Kanadadan London zooparkına aparılır. Zooparka gəlmiş Kristofer adlı balaca oğlan ayını çox sevir, hər gedəndə onu yemləyir, tamaşasına durur. Uşağın bu ayı sevgisindən təsirlənən atası, yazar A.A. Miln də şən və məzəli ayı olan Vinni-Puxun əhvalatını yazmaq qərarına gəlir.
Özgə nə demək olar Kanada barədə? Çox şey. Amma yerimizin məhdud olmasını nəzərə alıb son olaraq onu deyim ki, Kanada Günü 1868-ci ildən, kondeferasiyanın ildönümünü bayram etməklə qeyd olunur - 1867-ci ilin 1 iyulunda Kanada Böyük Briyaniyadan müstəqilliyini qopara bilmişdi.
Və bir şeyi də deyim ki, bu bayram günündə Kanadada ərzaq mağazalarından başqa digərlərinin hamısı bağlanır, yalnız kitab mağazaları istisna olmaqla. Kanadada belə bir düşüncə tərzi var ki, kitab oxumağa heç bir qüvvə gərək mane olmasın.
Kanadalıların həyat səviyyəsi həddindən çox yüksəkdir, biləsiniz.

2 iyul, Beynəlxalq İdman Jurnalistikası Günü
World Sports Journalists Day Azərbaycanda peşə bayramı kimi rəsmən qeyd olunmasa da, hər halda jurnalistika çevrələrində qeyd olunur, Azərbaycan İdman Jurnalistlər Assosiasiyası, CBS sport, İdman Azərbaycan kimi televiziyalarda, “Futbol +”, “Çempion” kimi qəzetlərdə, Sport24, Rekord, Qol, Sportinfo  kimi saytlarda və digər medialarda fəaliyyət göstərən idman jurnalistləri bir araya gəlirlər.
1924-cü ilin bugünkü günündə Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası təsis olunub. 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Ona görə də hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd olunur. Hazırda Assosiasiyanın 4 kontinental qurumunda 130-dan çox dövlətin milli idman mediası birləşib. 2 iyul günü idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirirlər, eyni zamanda idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.
Sirr deyil ki, müxtəlif idman növləri üzrə qitə və dünya çempionatlarının, futbol üzrə qitə çempionatının, Avroliqa finalının, Avropa Oyunlarının, "Formula 1" kimi mötəbər yarışların Bakıda keçirilməsi bu sahədə ölkəmizdə peşəkar jurnalistlərin yetişməsini şərtləndirib, onlar daha çox maddi dayaqları yüksək olan medialarda cəmləşiblər.
Mən özüm qatı idman azərkeşiyəm, uşaqlıqdan futbol matçlarını qaçırmadan izləyirəm, Sovetlər dönəmindəki  Ozerov, Maslaçenko, Maxaradze kimi futbol şərhçilərinin səsləri və emosiyaları uzun illər keçsə də, hələ də xatirimdədir. Eləcə də bizim şərhçimiz Fikrət Adıgözəllinin ləngər vura-vura, hardasa yarıyuxulu təsiri bağışlayan futbol reportajlarını dodağımda təbəssüm xatırlayıram. O vaxtlar hətta belə bir lətifə də var idi ki, Fikrət Adıgözəlli oyunun ritminə uyğun danışmaqdansa “Neftçi” nin futbolçuları Fikrət Adıgözəllinin ritminə uyğun oynayırlar.
Peşə bayramınız mübarək, əziz idman jurnalistləri!

2 iyul, Azərbaycan Polisi Günü
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və Daxili İşlər naziri Fətəli xan Xoyski 1918-ci il 2 iyul tarixində ölkədə ilk polis bölümünün yaradılması barədə əmr vermişdi, bununla da Azərbaycan polis orqanlarının əsası qoyulmuşdu. Sovetlər dönəmində polis dönüb milis oldu, müstəqillik əldə ediləndən sonra yenə əzəlki polis adı geri qaytarıldı.
Tək bir faktı deyim ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, 931 nəfər şəhid verib. Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallara layiq görülənlər vardır.

4 iyul, Azərbaycanın dövlət xadimi Nəsib bəy Yusifbəylinin 140 illiyi
Bu gün rəsmi dövlət təqvimlərində yer almayan bir yubiley də var, böyük azərbaycanlı Nəsib bəy Yusifbəylinin anadan olmasının 140-cı ildönümüdür. Azərbaycan sevdalısı, həyatını xalqının azadlığına, firavanlığına qurban vermiş Nəsib bəy Yusifbəylinin adını təqvimlərə salmaya bilərlər, amma bu ad milyonlarla soydaşımızın qəlblərinə yazılıb, bunu diqqətdən kənarda saxlamaq olmaz.
Nəsib bəyin qısa həyat tarixçəsinə (cəmi 39 il yaşayıb) ötəri nəzər saldıqda hər bir xronologiyanın altından markerlə “Azərbaycan naminə” işarəsi qoymağa məcbur olarıq. 1881-ci ilin bugünkü günündə Gəncədə dünyaya göz açan Nəsib bəy Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi olub. Hələ ilk gənclik illərindən qəlbində millətçilik, vətənpərvərlik təşnəsi hiss edib, Odessa şəhərindəki Novorossiya İmperator Universitetinin Hüquq fakültəsində təhsil alarkən orada oxuyan azərbaycanlı  tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətini yaradıb. Təhsilini tamamlamadan Krıma gedərək orada İsmayıl Qaspıralının əsasını qoyduğu “Tərcüman” qəzetində fəaliyyət göstərib. Siyasi düşüncə və fəaliyyətlərinə görə Çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub. 1909-cu ildə Gəncəyə qayıdaraq o, Şəhər Dumasında milli fraksiyada fəaliyyət göstərib, paralel olaraq müəllim kimi də çalışıb. 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyi altında Türk-Ədəmi Mərkəziyyət Firqəsinin əsası qoyulub. Sonra firqə Müsavatla birləşib, iki böyük sima - Nəsib bəy və Məmməd Əmin siyasi fəaliyyətdə yanaşı dayanıblar. 1918-ci ilin 23 fevralından sonra yaranan yeni hakimiyyətə - Zaqafqaziya Seyminə seçilən və Azərbaycanı təmsil edən 44 nümayəndədən biri də Nəsib bəy olub. Nəsib bəy daha sonra seymin əsasında yaranan Zaqafqaziya Federativ Demokratik Respublikasında xalq maarif naziri vəzifəsinə seçilib. Şərəfli tarixdə - 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra edib. O, yaradılan kabinetlərdə müxtəlif nazir postlarını tutduqdan sonra 3-cü və 4-cü kabinetlərdə Baş Nazir vəzifələrini yerinə yetirib. 28 aprel 1920-ci ildə bolşevik istilasından sonra ölkəni tərk etmək istəyərkən böyük şəxsiyyət bizim tarixi mənbələrin yazdığına görə “Kürdəmir yaxınlığında müəmmalı şəkildə həyatını itirib.” Amma onun Sovet rejimi tərəfindən qətlə yetirilməsi də gün kimi aydındır.
Tarix saxtakarlıq sevməz. Tarix ucaları endirənləri də bağışlamaz.

4 iyul, ABŞ-ın Dövlət Müstəqilliyi Günü
Bir mahnıda deyildiyi kimi, macəra dolu Amerika. 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə ərazisindən ibarət ölkə. 9,8 milyon kvadrat kilometr ərazisi ilə ərazisinə görə dünyanın 3-cü ölkəsi və 327 milyon nəfərdən çox əhalisi ilə əhalisinə görə yenə də dünyanın üçüncü ölkəsi. Paytaxtı  Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-York.
12 min il əvvəldən ərazisində hindular yaşayan (biz uşaqlıqda onlara indeyes, Çinqaçquk deyərdik), 16-cı əsrdən avropalıların müstəmləkəçiliyinə məruz qalan, 1775-ci ildə buranı idarə edən müstəmləkəçi Britaniya ağalarının müstəqil dövlətə sahib olma iştahası nəticəsində Britaniya İmperiyasına qarşı silah qaldırıb inqilab edərək müstəqillik qazanan bir dövlət. XIX əsrin ikinci yarısında burada baş tutan vətəndaş müharibəsi ölkədə hüquqi köləliyin sona çatmasına səbəb oldu, əsrin sonunda ABŞ Sakit okeana qədər genişləndi, sənaye inqilabı iqtisadiyyatı yüksəltdi, İspaniya-ABŞ müharibəsi və Birinci Dünya Müharibəsi ölkənin hərbi güc statusunu təsdiqlədi, İkinci dünya müharibəsi  ABŞ-ı qlobal bir supergecə, nüvə silahı yaradan və bundan istifadə edən ilk və yeganə ölkəyə çevirdi. 1991-ci ildə Sovet İttifaqının dağılması isə ABŞ-ı dünyanın yeganə supergücü etdi.
ABŞ BMT-nin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun təsisçi üzvüdür. Onun qlobal ÜDM-in təxminən dörddə birini təşkil edən nominal ÜDM üzrə dünyada ən iri iqtisadiyyatı var. ABŞ dünyada dəyərinə görə məhsulların ən böyük idxalçısı və ikinci ən böyük ixracçısıdır. Əhalisi dünya cəminin yalnız 4,3 faizi olmasına baxmayaraqABŞ dünyada ümumi sərvətin 31 faizinə sahibdir.
Mən ABŞ-ın dövlət bayramı barədə çox şey yaza bilərəm, amma qısa və konkret yazmaq tələb olunduğundan yalnız bir neçə məqamdan söz açıram. 1776-ci ildə ABŞ-in İstiqlaliyyət Bəyannaməsini 56 nəfər imzalamışdı, onlardan ən gənci 27 yaşlı Tomas Linç, ən yaşlısı isə 70 yaşlı Bencamin Franklin idi. Deklorasiyanı imzalayanlardan 7-si Harvard Universitetini bitirmişdi. Düzdür, deklorasiyanı imzalayanlardan bizdə ən çox tanınan şəkli yüz dollarlıq əskinasları bəzədiyi üçün hamıya doğmalaşmış Franklindir, amma sənədin hazırlanmasında, onun tətbiqində ən fəalları Con Adams və Tomas Ceferson olmuşlar. Və bu insanları qəribə tale izləmişdir. Sonradan ayrı-ayrı dönəmlərdə onların hər ikisi ABŞ prezidenti olmuşlar, hər ikisi də 1826-cı ildə eyni gündə dünyadan köçmüşlər. Amma bu da hələ hamısı deyil. Onların  hər ikisi məhz 4 iyul günü dünyadan köçmüşlər.
Düzü, mən bilmirəm, ABŞ-da da yalnız qargörən “hinduşkanı” (hindtoyuğu – red.) yemək dəbi varmi, ancaq bayram günündə amerikalılar mütləq hinduşka yeyirlər, bu ənənənin əsasını da Franklin qoyub. Franklin hətta ABŞ-ın simvolunun da hinduşka olmasını təklif edib, amma onu məzxərəyə qoyub yırtıcı qartalı qəbul ediblər. Amerikalılar öz dövlətlərinin “doğum gününü” sevgi ilə “4 iyul bayramı” adlandırırlar, həmin gün yalnız yeyib-içib kef edirlər. Bayramın əsas atributu tək hinduşka yemək deyil, ümumən çox yeməkdir. Həmin gün statistikaya görə amerikalılar 150 milyon dollarlıq hot-doq, 700 milyon dollarlıq toyuq əti yeyirlər. Və düz 1 milyard dollarlıq spirtli içki alıb içirlər! (Adamın orda bir “Şərab evi” ola, bir günə bir ilin qazancını əldə edib sonra da yıxılıb yatasan). Bayram günü atəşfəşanlıq yaratmaq da mütləqdir. Yenə də statistikaya görə bir bayram günündə partlatmaq üçün ABŞ Çindən düz 227 milyon dollarlıq pirotexnika alır.
Xeyir, həmin gün mədəniyyət kölgədə qalmır, düz düşünmürsünüz. ABŞ-ın ən səs-küylü blokbasterləri kinoteatr ekranlarına məhz İstiqlaliyyət günündə çıxır.
Vəssalam.

4 iyul, Azərbaycanın siyasi xadimi Rəbiyyət Aslanovanın 70 illik yubileyi
Bu yubileyin mövzuya o dəxli var ki, məmur, deputat kimi tanıdığımız bu xanım 2004-cü ildə “İslam mədəniyyət sistemində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, fəlsəfə elmləri doktorudur. 2004-cü ildən BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. Bioqrafiyasında “Mədəniyyət” kəlməsi varsa, demək, bizim əhatə dairəmizdədir.
Rəbiyyət Aslanova Kəlbəcər şəhərində anadan olub, yeddi kitabın, 200-ə yaxın elmi məqalənin müəllifidir. Avrasiyanın siyasi, mədəni, iqtisadi, sosial, elmi inkişaf problemləri ilə məşğul olan məşhur Türkiyə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin üzvüdür. MDB Parlamentlərarası Assambleyasının Elm və Təhsil Komissiyasının sədr müavinidir. Tərcümeyi-halını həm də “Şöhrət” ordeni ilə təltif edilmişdir” kəlmələri bəzəyir.
4 iyul, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının direktoru Əliqismət Lalayevin 65 illik yubileyi
Teatrımızda bu şəxsin əvəzsiz yeri var desəm, yanılmaram. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini kimi, Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi, Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının direktoru kimi bu şəxs həyatını incəsənətə həsr etmişdir. Azərbaycan teatrları arasında ilk dəfə məhz Musiqili Komediya Teatrı beynəlxalq qurumda təmsil olunmaq fürsəti qazanmış, 2008-ci ildə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv qəbul edilmişdir. Bu gün teatrın tamaşalarını dünyanın 20-dən çox xarici ölkəsində, o cümlədən, ABŞ-da, Türkiyədə, İranda, Rusiyada maraqla izləyirlər. O, həm də sənətşünaslıq üzrə fəlsəfə doktorudur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.
Lalayev 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif edilib. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin direktorudur. Bir sözlə, Lalalayev soyadına uyğun olaraq teatrda lalələr açdırır.
“Haralıdır” sualını sevən oxucular narahat olmasınlar, deyəcəyəm, salyanlıdır.

5 iyul, Cənubi Azərbaycanın tanınmış maarifçisi Həsən Ruşdiyyənin 170 illiyi
Həyatını xalqının maariflənməsinə həsr edən, bundan ötrü böyük məhrumiyyətlər görən Həsən Mehdi oğlu Rüşdiyyəni niyə də tanımayaq? 1851-ci il iyul ayının 5-də Təbrizdə anadan olan bu şəxsiyyət mütərəqqi təlim-tərbiyə üsullarını öyrənib İranda yaymaq məqsədi ilə XIX əsrin 80-ci illərində Qafqaza gəlmiş, 1883-cü ildə İrəvanda azərbaycanlılar üçün yeni üsullu məktəb açmışdır. 1887-ci ildə İrana qayıdan Rüşdiyyənin 1888-ci ildə Təbrizdə açdığı “Dəbistani Rüşdiyyə”, “Mədrəseyi Rüşdiyyə” məktəblərini, 1897-ci ildə Tehranda açdığı yeni üsullu məktəbləri mürtəce ruhanilər və mövhumatçılar dəfələrlə bağlamış və qarət etmişlər. Buna baxmayaraq, Rüşdiyyənin məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. Bu məktəblərin tədris planına Azərbaycan, fars, fransız dilləri, ədəbiyyat, riyaziyyat, fizika kimi fənlər daxil idi. Tədris Azərbaycan dilində aparılırdı. Dövrün tanınmış ziyalı şəxsləri, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüsеyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar.
Ruşdiyyənin 1902-1903-cü illərdə Tehranda nəşr etdirdiyi “Məktəb” və “Tehran” qəzetlərində metodiki məqalələri ilə yanaşı, mütləqiyyət üsul-idarəsini ifşa edən yazıları da dərc edilmişdir. 1894-cü ildə M.Rüşdiyyə “Vətən dili” adlı əsərini yazmış, “Rüşdiyyəyi-Müzəffəriyyə”də tədris olunan ana dili dərsləri məhz bu kitab üzrə aparılmışdır. Sadə və aydın dildə yazılan bu dərslik onu qavramaqda məktəblilər üçün hеç bir çətinlik yaratmır, onlara Azərbaycan dilini sevdirirdi. Mürtəce mütləqiyyət rejiminə qarşı çıxdığı üçün həbs edilərək Xorasan əyalətinə sürgün edilən Rüşdiyyə 1905-1911-ci illərdə İran inqilabı dövründə Tehrana qayıtmış, ictimai-pedaqoji fəaliyyətini davam etdirmişdir. Rüşdiyyənin ən böyük хidmətlərindən biri də qadın azadlığı və qadın təhsili uğrunda mübarizə aparıb qızlar məktəbi açması, kоrlar üçün yеni охumaq üsulu iхtira еdib, оnlar üçün də məktəb təsis еtməsi olmuşdur.
Həsən Mehdi oğlu Rüşdiyyə 1944-cü il dekabr ayının 10-da vəfat etmişdir. Azərbaycanlılar üçün bu qədər işlər görən şəxsə gəlin bir kəlmə “Ruhu şad olsun!” söyləyək.

6 iyul, Ümumdünya Öpüşmə Günü
İnternational Kissing Day – səni də təqvimə salıblar, neynəyə bilərik ki? Qaragüruhu üstümə salmamaq üçün, mental xüsusiyyətlərə hörmət edərək bu gün barədə geniş danışmaqdan çəkinirəm. Amma mütləq şəkildə qeyd edirəm ki, öpüş zamanı insanın 146 əzələsi hərəkətə gəlir, nəticədə hər dəqiqə 2-3 kalori yandırılır. Dünyada ən uzun öpüş taylandlılar Ekkaxaye və Laksanaya məxsusdur, onlar sərasər 58 saat, 35 dəqiqə və 58 saniyə ərzində öpüşüblər. Öpüşmə səhnələri incəsənətdə də yer alıb, amma tarixdə ən məşhur “öpüşmə şedevri” real bir fotoqrafiyada fiksə olunmuş “fenomenal öpüşmə” hesab edilir. Bu fotonu yaşlı və orta nəsil gözəl xatırlayar, söhbət SSRİ-nin rəhbəri Leonid Brejnevlə Demokratik Almaniyanın rəhbəri Erik Henekerin öpüşməsindən gedir. Rəhmətlik nənəm hər dəfə bu fotonu görəndə deyərdi ki, “Bıy, ayıbınızı yer örtsün”.

7 iyul, tanınmış aktyor ƏləkbərHüseynovun 60 illiyi
Biz uşaq olanda bir aktyor var idi, Hüseynağa Sadıqov, ruhu şad olsun, ekranda onu görəndə bilirdik ki, uşaq saatı gəlib. Çağdaş dövrümüzdə həmin funksiyanı aktyor  Ələkbər Hüseynov daşıyırdı, o Ələkbər Hüseynov ki, uşaqlar onu sevə-sevə Ələkbər əmi çağırırdılar. Çox təəssüf ki, bu gün 60 yaşını qeyd etmək aktyora qismət olmadı, o, hələ 14 il əvvəl uzun sürən xəstəlikdən sonra vəfat etdi.
Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra Ələkbər Hüseynov 1988-ci il aprel ayının 5-dən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlamışdı, 2006-cı ildə Kukla Teatrının baş rejissoru təyin edilmişdi, uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuşdu. 2006-cı ildən ömrünün sonuna kimi Kukla Teatrında çalışan istedarlı aktyor həmin teatrın səhnəsində yaddaqalan obrazlar yaratmış, pyeslər yazıb onları teatrının rus bölməsində özü tamaşaya hazırlamışdı. Sənətdə qazandığı nailiyyətlərə görə “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı adını qazanmış, 2000-ci il oktyabr ayının 28-də Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adı ilə təltif olunmuşdu. Ələkbər Hüseynov 2007-ci ildə Polşanın “Təbəssüm Ordeni” mükafatına da layiq görülmüşdü. Bu da rəmzi məna daşıyır. Çünki illər keçsə də, Ələkbər əmi həmişə üzlərdə təbəssüm xatırlanır.

8 iyul, fransız şairi və təmsilçisi Jan de Lafontenin 400 illiyi
Lafonten (1621-1695) uzun, qıvrım saçlı bir saray şairi olub, kralın çörəyini yesə də ona asi çıxıb, Laröşfuko ilə dostluq edib, lirik şeirləri dillər əzbəri imiş, amma onu ədəbiyyat tarixində saxlayan təmsilləri hesab edilir. Ezop təmsilçiliyin əsasını qoysa da təmsilin didaktik nəzm formasının banisi bu şəxsdir. Hətta bizə rus Krılovun təmsili kimi sırıdıqları “Tülkü və qarğa” təmsili də bu fransıza məxsusdur.

10 iyul, fransız yazıçısı Marsel Prustun 150 illiyi
Lafontendən fərli olaraq Marsel Prust (1871-1922) ölkəmizdə çox tanınır. Fransız romançısı, esseist və tənqidçisi ən azı ən məşhur əsəri olan, 4800 səhifəlik, 7 cildlik “İtirilmiş zamanın axtarışı” romanı ilə ədəbiyyatsevərlərimizin qəlbini riqqətə gətirə bilib. Anası yəhudi ailəsindən olduğu üçün Prusta yəhudilər də sahib çıxırlar.
Deyim ki, ədəbi taleyi uğurlu olsa da şəxsi taleyi bədbəxçiliyə bürünüb yazıçının, doğulandan ta ki dünyadan köçənədək ağır vərəm xəstəliyindən əziyyət çəkib.
Prust Avropada ən çox sitat gətirilən yazıçıdır. Ondan bir sitat da mən gətirməyə borcluyam:“Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla etiraf edən, yaşı ötmüş və məsələn, ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş birisi, özündən daha gənc və daha saf, daha axmaq biri tərəfindən eyni qüsurların sərgiləndiyini görəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir” (“Dustaq” romanından).

10 iyulun şeir bəndi
Gəl otur yanımda səssiz, sədasız,
Ayrılaq bu gecə qansız, qadasız.
Son dəfə bir şeir oxuyum sənə.
Hər şeyi təzədən başlayaq yenə.

                              Adil Mirseyid

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.