Vüsal Mətləboğlu, “Ədəbiyyat və incəsənət” üçün
Nazir ilk növbədə menecer olmalıdır, ondan tələb olunan ən vacib kompitensiya idarəetmə bacarığıdır. Son günlər bəzi müzakirələrdə Elm və Təhsil nazirinin elmi araşdırma müəllifi olmaması, elmi jurnallarda məqalələrinin yayımlanmaması barədə arqumentlər məhz bu baxımdan yetkin səslənmir.
Elmi idarəetmə elmi fəaliyyət deyil, menecment işidir. Elmlə elm adamları məşğul olmalı idi, elm iqtisadiyyatı öz ardınca aparmalı, təqdim etdiyi innovativ tapıntılarla inkişafa yön verməli idi, ancaq hardadır?!
AMEA neçə illərdir qulpu qırılmış çemodan kimi idi, nə qoyub getmək olmurdu, nə də sürüyüb aparmaq.
…və bir də bir məsələ - əksəriyyət 20-30 bal toplaya bilməyən müəllimlərin aqibəti ilə maraqlanır, - onlar işsizmi qalacaqlar?
Radikal səslənə bilər, ancaq, bəli, o adamlar işsiz qalmalıdır, ən azı müəllim kimi şagirdlərimizin gələcəyini baltalamamalıdırlar, 60 sualdan 20-30 suala düzgün cavab verə bilməyən müəllim savadsız həkim, savadsız mühəndis, savadsız idarəçi, savadsız nazir yetişdirəcək. Sual əslində, başqa cür qoyulmalıdır – bu müəllimlər hələ də bizim uşaqlarımıza dərs deyəcək?!
P.S. İmtahanlarda 35 faiz müəllim 0-29 bal toplayıb. Belə müəllimlər bizim uşaqlara dərs deməyə davam etsə, biz oxuduğumuzu nəinki başa düşəcəyik, ümumiyyətlə, ola bilər, üzdən oxuya bilməyəcəyik.
Təhsildə güzəşt Vətənə xəyanət hesab olunmalıdır!
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)