“Ədəbiyyat və incəsənət” portalı AMEA-nın Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Ermənistanda dağıdılan Azərbaycan mədəni irsi” sərlövhəli məqaləsini təqdim edir
Qədim Şinuayr kəndi Qərbi Zəngəzurun Gorus rayonu ərazisində yerləşir. Azərbaycan dilində Gülab (ətir qoxulu ərazi) kimi mənalandırılan və ermənilər tərəfindən dəyişdirilərək Şinuayr adlandırılan kənd Qərbi Zəngəzurun Gorus rayonundan 9 kilometr cənub tərəfdə, Oxçuçayın sol sahilində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Şinuayr kəndini Qafan rayonundan 68 kilometr məsafə ayırır. Sovet dövründə Yelizavetpol quberniyasının tərkibinə verilən Zəngəzur qəzası 1930-cu ildə heç bir əsas olmadan Şinuayr kəndi ilə birlikdə Ermənistan SSR-in tərkibinə qatıldı. Şinuayr kəndinin əhalisinin etnik tərkibi bütün dövrlərdə Azərbaycan türklərindən ibarət olub.
Ermənilər kəndin XVII əsrdə salındığı iddia etsələr də, Şinuayrın ərazisində eramızdan əvvəl I-II minilliyə aid Oğuz-az mədəniyyətinə məxsus daş nümunələri, at-qoç fiqurları, eləcə də Alban dövrü daş sənduqələr, kitabələr, bədii daş nümunələri müşahidə edilməkdədir. Köhnə Şinuayr kəndində XVII-XVIII əsrə aid 300-dən çox yaşayış evi, ictimai bina və məscid olub.
1988/1990-cı illərdə Ermənistanda baş qaldıran millətçilik və separatizm meyilləri bu kənddən də yan keçməyib. Şinuayrın azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalaraq kəndi tərk edib, oradakı bütün yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılaraq xarabalığa çevrilib. Kəndin daxilində 300, ətrafında isə 200-ə yaxın tarixi əhəmiyyətli bina və qurğu, bədii daş nümunələri, qəbirlər və qəbirüstü abidələr ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Ermənistan rəhbərliyi 2000-ci ildə köhnə Şinuayr kəndinin yaxınlığında yeni Şinuayr kəndi inşa edərək orada xaricdən gətirdiyi erməni əsilli 2666 insanı məskunlaşdırıb. Lakin məskunlaşdırılan ermənilərin 667-si 2020-ci ilə qədər yaşayış yerini tərk edib.
Kəndin cənub hissəsində hündür sal qayalar üzərində IV-V əsrlərdə inşa edildiyi güman olunan, Qafqaz Albaniyası memarlığının çox möhtəşəm nümunələrindən biri sayılan Şinuayr məbəd kompleksinin qalıqları yerləşir. Kompleks 10-a yaxın yardımçı bina, arakəsmələr, kiçik otaqlar və üçnefli böyük bazilikadan ibarət olub. Kompleksin arxa və sağ tərəfi mühafizə divarları, ön və sol tərəfi isə keçilməz sıldırım qayalarla əhatələnib. Bazilikanın ümumi memarlıq quruluşu onun kilsə və ya monastır olmadığını sübut edir. Kompleksin yardımçı bina və otaqları 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb.
Ermənilər 2000-ci ildən sonra bazilikanı erməni kilsəsi kimi təqdim etsələr də, kompleksin ötən əsrin sonlarında erməni millətçiləri tərəfindən nəyə görə dağıdıldığına aydınlıq gətirmirlər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)