Bu gün azərbaycançılıq məfkurəsini formalaşdıran “Füyuzat” jurnalının 115 illiyidir

 

Bizə tarix dərslərində “Füyuzat” mürtəce bir mətbu orqan kimi təqdim olunurdu, Sovetlər dağılanda başa düşdük ki, bütün təriflənənlər mənfi, bütün pislənənlər isə müsbət imiş. “Füyuzat” jurnalının ilk sayı 1906-cı il noyabr ayının 1-də çıxıb. Jurnal ictimai-siyasi xarakter daşıyırdı. “Füyuzat”  mənşəcə ərəb sözu olub, mənası həyat gerçəklərini duymaq, onlardan zövq almaq deməkdir. Maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çap olunan jurnalın baş redaktoru Əli bəy Hüseynzadə idi. Burada dövrünün görkəmli ziyalılarından M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, A.Şaiqin və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarak­terizə olunur.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rəng­lə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mə­nəvi dəyərləri jurnalın redaktoru Əli bəy Hüseynzadənin müvafiq tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlı olub. “Füyuzat” jurnalı milli jurnalistika məktəbi olmaqdan əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb. Çar Rusiyasının monarxizmi və müstəmləkəçiliyi əleyhinə mübarizə aparan füyuzatçılar başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə etmiş, Azər­baycanda demokratizmin qələbəsi­nə çalışmış, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə reformaların aparılmasını qarşılarına məqsəd qoymuşdular. Azərbaycan oxucuları ilk dəfə Tolstoy, Höte, Russo, Monteskyu kimi görkəmli simalar haqqında ətraf­lı və dəqiq məlumatı bu jurnaldan almışdılar. Ə.Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynamışdı.

 

Təsadüfi deyil ki, belə bir milli oyanış jurnalının uzun müddət çap edilməsi çar üsul-idarəsini razı sala bilməzdi. Bütün böyük işlər gec ya tez nadan basqısına qurban olur. 1907-ci ilin 1 noyabrına qədər duruş gətirən jurnalın həmin gün çıxan 32-ci sayı son sayı oldu. Həmin sayda "Pərdə eniyor" adlı son məqalə ilə jurnal öz oxucularına "əlvida!" dedi, üz qabığının arxasında verilmiş belə bir elanla mətbuat aləmini tərk etdi: “Füyuzat müvəqqəti olaraq bu gündən etibarən tətil edəcəkdir”. Zira bu “müvəqqəti” əbədi oldu.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.