Prezident Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib. 

Sərəncamda, həmçinin deyilir: 2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. 

Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir.

Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən Milli Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli‐mənəvi sərvətlərin etibarlı şəkildə qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir”.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.