“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən elmi simpozium davam edir

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən elmi simpozium iyunun 21-də işini sessiyalarla davam etdirib.

 

AzərTAC xəbər verir ki, “Muğamın toplama, qoruma, arxivləşmə və yayılma problemləri” mövzusunda keçirilən sessiyada azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan və Qazaxıstandan olan alimlər də çıxış ediblər. 

Gün ərzində “Mətn və musiqi”, “Muğam, dəstgah və xanəndə avazı”, “Muğamın toplama, qorunma, arxivləşmə və yayılma problemləri”, “Məqam musiqisinin ruhani və cismani təzahürləri” və “Məqam musiqisi elmi mənbələr işığında” mövzularında sessiyalar keçirilib. 

Qərbi Kaspi Universitetinin dosenti, sənətşünaslıq üzrə elmlər doktoru Alla Bayramova “1920-ci illərdə Cənubi Qafqaz ekspedisiyalarının materiallarında muğam” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, 1920-ci illərdə yeni sovet ideologiyasının təsiri altında muğam ifaçılığı sənətinə müəyyən qədər mənfi münasibət özünü göstərsə də, mütərəqqi muğam ifaçılarının səyləri nəticəsində muğam sənəti həm musiqi mədəniyyətində, həm də xalqın həyatında öz əhəmiyyətini qoruyub saxlaya bilib.

"Muğam dünya kolleksiyalarında: mədəni irsin qorunması və müdafiəsi” mövzusunda çıxış edən Qazax Milli İncəsənət Universitetinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fatima Nurlıbayeva bildirib ki, muğam Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Qeyd edib ki, Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır. Muğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin, bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşıb.

Çıxışlarda qeyd olunub ki, xalqımızın milli sərvəti olan Azərbaycan muğamları, aşıq sənəti, ümumilikdə xalq musiqisi və ifaçılıq ənənələri müasir dövrdə mədəniyyətimizi dünya səviyyəsində tanıdaraq, bu möhtəşəm sənət incilərinin inteqrasiya edilməsində olduqca zəruri rol oynayan faktordur. Məlum olduğu kimi, muğam və xalq musiqisini, eləcə də Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli nümunələrini ifa edən və beynəlxalq arenada tanıdan məşhur və istedadlı ifaçılar nəsli yetişdirən müasir dövrümüzün ustad sənətkarları xəzinəmiz olan muğamları gələcək nəslə ötürərək qoruyub saxlanılmasında böyük rol oynayır. Muğam ifaçılığı dedikdə, əlbəttə ki, burada həm instrumental, həm də vokal-instrumental ifa nəzərdə tutulur. Qədim dövrlərdən başlayaraq bizim dövrə qədər inkişaf edib, müxtəlif dəyişiklik, əlavə və ixtisarlara məruz qalan muğam ifaçılığı müasir dövrümüzdə, artıq bir sıra yeniliklərə addım atan, müxtəlif janrlarla sintezdə ifa və improvizasiya olunan janr kimi məşhurlaşır. Lakin Azərbaycanın ənənəvi professional musiqisi olan muğam sənəti tədris prosesində əsrlərdən gələn ənənə əsasında, yəni dildən-dilə, ifadan-ifaya şifahi şəkildə şagird və tələbələrə ustad-şagird ənənəsinə uyğun şəkildə ötürülür. 

Diqqətə çatdırılıb ki, muğam Azərbaycan türklərinin şifahi ənənəsində kökləri ən qədim çağlara gedib çıxan peşəkar musiqinin əsas janrlarından biridir. Həm respublikamızda, həm də onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmış muğam ifaçılıq sənətinin Azərbaycanda populyarlaşdırılmasına və inkişafına böyük önəm verilməsinə baxmayaraq, qədim və orta əsr dönəmlərinin muğam janrının elmi tədqiqi problemləri hələ də musiqişünasların lazımi diqqətindən kənarda qalır.

Tədbirdə AZƏRTAC-a müsahibə verən Los-Anceles Kaliforniya Universitetinin professoru, musiqişünas Mohsen Muhammadi bu tədbiri çox vacib hesab etdiyini söyləyib. Onun sözlərinə görə, muğam müxtəlif mənşəli musiqisevərləri Bakıda bir araya gətirən möhtəşəm konsepsiyadır. 

“Burada olmağımın səbəbi də məhz muğamdır. Mən İran musiqisini tədqiq edirəm və bu irsin Azərbaycan musiqisinə çox yaxın olduğunu düşünürəm. Həmçinin bir çox muğam janrını bəyənirəm. Dünən axşam Bakıda bir neçə muğam ifaçısını dinlədim və bir daha muğamın bənzərsizliyinin şahidi oldum”, - deyə o diqqətə çatdırıb.

Musiqişünas alim Nissim Lugasi AZƏRTAC-a müsahibəsində yəhudilərin öz milli Makam musiqisini necə ifa etdikləri barəsində danışıb. 

Festivalın işini yüksək qiymətləndirən musiqişünas alim burada səslənən fikirlərin milli musiqi irsinin yaşadılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. Deyib ki, Bakıda təşkil olunan belə möhtəşəm tədbir bəşəri məna kəsb edən muğam fəlsəfəsinin gələcək nəsillərə çatdırılması baxımından olduqca təqdirəlayiqdir.

Xatırladaq ki, simpoziumda Azərbaycan mütəxəssisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edirlər. Simpoziumun məqsədi yeni tədqiqat istiqamətləri, maqam əsaslı musiqinin müasirləşdirilməsi, populyarlaşdırılması və qorunması üzrə məhsuldar müzakirələr üçün əlverişli mühit yaratmaqdır.

Qeyd edək ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpozium iyunun 22-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.