Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunub

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Fransa ev sahibliyi edir. 

 

Milli Kitabxananın məlumatına görə, konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib.

Fransa Milli Kitabxanasının direktoru Laurence Engel bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. 

Daha sonra 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı CENL illik iclasının protokolu və CENL illik hesabatı müzakirə edilib. Ardınca CENL maliyyə hesabatı və növbəti il üçün CENL büdcəsi müzakirə edilib, səsverməyə qoyulub və yekdilliklə qəbul olunub.

İclasın davamı olaraq İFLA ENSULİB-in sədri Harri Sahavirta kitabxana çərçivəsində davamlılıq meyilləri haqqında çıxış edib.

Sonra CENL üzvlərindən Fransa, Azərbaycan, Portuqaliya, Ukrayna, Moldova, Latviya Milli kitabxanalarının rəhbərləri davamlılıq aspektləri haqqında təqdimat ediblər. 

Professor Kərim Tahirov təqdimatla çıxış edərək qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında istifadəçilərə xidmət prosesində ən yeni texniki həllərin, metod və üsulların tətbiqi istiqamətində son illər ərzində çox böyük işlər görülüb, mühüm nailiyyətlər qazanılıb. Direktor vurğulayıb ki, elektronlaşdırma prosesinin vacib istiqamətlərindən biri istifadəçilərə sənədlərin, informasiyanın elektron formatda təqdim edilməsidir. Kərim Tahirov dünyanı cənginə alan koronavirus pandemiyası şəraitində Azərbaycan Milli Kitabxanasının bir dəqiqə də olsun öz fəaliyyətini dayandırmadığını, ölkəmizdə və dünyada evlərində qapanıb qalmaq məcburiyyətinə düçar olan oxuculara – tədqiqatçılara, bütün istifadəçilərə fasiləsiz onlayn xidmət göstərdiyini söyləyib. Direktor 2020-2021-ci illərdə Milli Kitabxananın “Sənədlərin sifarişi və elektron çatdırılması” onlayn xidməti vasitəsilə istifadəçilərə 246 098 resurs göndərildiyini, həmin illərdə Milli Kitabxananın virtual oxucularının sayının 7 500 523 nəfər olduğunu qeyd edib: “Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Yaranan maneələrə baxmayaraq Milli Kitabxanada robot skanerlər, portativ skanerlər vasitəsilə 88 048 tammətnli (kitab, dissertasiya, dövri mətbuat olmaqla) elektron resurs yaradılıb. Pandemiya təhlükəsi Milli Kitabxanamızın son illərdə həyata keçirilən avtomatlaşdırma və elektronlaşdırma tədbirləri sayəsində uğurlarının nəticələrini ortaya qoyub”. 

Direktor Kitabxanada virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksləri – Elektron məlumat bazaları, virtual sərgilər, musiqi kitabxanası, Audiokitablar barədə də təqdimat edib.

Azərbaycan Milli Kitabxanasının fəaliyyəti CENL üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Konfransa növbəti il Polşa Milli Kitabxanası ev sahibliyi edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.