Daim Azərbaycan tarixinin əlamətdar günlərinin təbliğatı ilə məşğul olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar videomateriallar, ənənəvi kitab sərgisi və daycest hazırlamaqla fərqlənib.
Kitabxanadan verilən məlumata görə, hazırlanan videomateriallarda bu tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir.
Videoçarxda o günlərin xronikası, xalq içərisində yaşanan gərginlik, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi tarixi faktlar və görüntülərlə əks olunub. Hazırlanan materialda ölkəmizin bu gününü, sabahını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan bir dövlətə çevrildiyi, qazandığı möhtəşəm iqtisadi uğurları videogörüntülərlə təqdim olunub.
Kitabxana əməkdaşları "Heydər Əliyev İli" çərçivəsində "Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” silsiləsindən növbəti videomaterial hazırlayıb. Videomaterialda Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan dövlətinin daxili və xarici siyasətinin güclənməsindən, qardaş qırğınının qarşısının alınmasından, atəşkəs elan olunmasından, uğurlu neft strategiyasından bəhs olunur. Qeyd edilir ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının müstəsna əhəmiyyəti olmuşdur.
“15 iyun - Milli Qurtuluş Günüdür!” adlı daycestdə tariximizə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü - Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə öz imzasını atmış Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı haqqında dövrü mətbuat səhifələrində dərc edilmiş “Qurtuluş Heydər Əliyevin qayıdışı ilə gəldi...”, “Zəfərlərə təməl olmuş Qurtuluş yolu”, “Tarixi Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün əzəmətini zirvələrə qaldırıb”, “Ölkəmizin taleyində dönüş günü”, “Müasir Azərbaycan Heydər Əliyevin arzuladığı Azərbaycandır” kimi 20-dən çox məqalənin biblioqrafik təsviri, həmçinin qısa xülasəsi təqdim edilib.
Gənclər Kitabxanasında təşkil olunan “15 İyun – Milli Qurtuluş günü” adlı ənənəvi kitab sərgisində Milli Qurtuluş Gününün tarixini, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)