Bu gün Ümumdünya Balet Günüdür

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

29 oktyabr. Ümumdünya Balet Günü

 

Həmən baleti sevmədik, baletə getmədik, mədəniyyət arenalarına gedişimiz ən yaxşı halda popkorn alıb moll sinemalarında bayağı yerli komediyalara baxmağımız oldu. Sivil dünyada isə balet sevilir, zövqlü insanların kübarlıq əyarları həm də balet tamaşalarını izləmələri ilə ölçülür. Ümumdünya balet gününün maraqlı bir yaranma tarixçəsi var. 2012-ci ildə Londonun Kral opera teatrı canlı efirdə Royal Ballet Live adı altında 9 saat sərasər balet nümayiş elədi, 200000 insan bu canlı yayımı izlədi, You Tube üzərindən isə 2,5 milyon insan ecazkar baletdən həzz aldılar. O gündən də qərara alındı ki, oktyabr ayının son həftəsində balet günü qeyd edilsin.

 

29 oktyabr. Ümumdünya insultla mübarizə günü

 

World Stroke Day. Allah hamımızı belə bir bəladan qorusun. Ümumdünya Səhiyyə Təşkilatı bu gün diqqətləri bu xəstəliyə yönəldəcək, bəyan edəcək ki, artıq çəkisi olan, siqaret çəkən, az hərəkət edən, qeyri-sağlam qidalananlar risk qrupunu təşkil edirlər. Sən demə, bütün dünyada ən çox ölümlə nəticələnən xəstəliklər sırasında insult ikinci yerdə dayanır, şikəstliklə nəticələnən xəstəliklər sırasında isə bu bəla sayca üçüncü yerdədir. Eləcə də insult ağıldankəmlilik və depressiya üçün əsas səbəbkardır.

 

Yoxsul ölkələrdə insult sayı durmadan artır. Sosial problemlər, stress və depresiyalar, yaxşı qidalana bilməmək insanları sanki qaldırıb yerə çırpır, zədələyir, əzib-tökür. İnsult bu gün təkcə tibbi bəla deyil, o daha çox sosial problemdir. Odur ki, gərəkdir ki, ürəyinizi qoruyasınız. Necə? Məsələn, birini mən deyim, birini də siz deyərsiniz. Qubaya gedib oradakı “Shahdağ Guba & Truskavets Medikal Sanatorium”da ürək-damar xəstəliklərinə yol açan fəsadlardan – artıq çəkidən, şlaklardan, xolesterindən xilas ola, ümumi tonusunuzu, immunitetinizi yüksəldə, həm də füsünkar təbiətin qoynunda dincələ bilərsiniz. Fizioterapiya, haloterapiya, ozonoterapiya və daha neçə-neçə terapiyalardan, su və spa prosedurlarından sonra xəzəl olmuş yarpaqların üzəri ilə Qəçrəş meşəsində gəzmək, bol-bol oksigen udmaq heç bilirsiniz sizi neçə il cavanlaşdırar?

 

29 oktyabr. Pulitser mükafatı

 

Bu gün üçün çox maraqlı qeydetmə təyinatları var. Ərz eləyim, dinləyin. Onu deyim ki, bu gün sement günüdür. Qaradağ sement zavodunun rəhbərliyi bəlkə də bundan xəbərsizdir, oralara yolu düşənlər lütfən onları agah eləsinlər. Bu gün tərki dünyalıq günüdür. Onsuz da əksəriyyətimiz dünyada tərki-dünya kimi yaşayırıq, islananın yağışdan nə qorxusu, bu günü lazımi səviyyədə qeyd edərik. Koronasiya günü. Həyat hər kəsi layiq olduğundan az və ya çox, onsuz da təltif edir. Oğru dünyasının koronasiyası doğru dünyasına da şamil olunur. Bandana günü. Baş sarğısıdır bu. Plyajdakılar, motosikl sürənlər, rokerlər bandananı çox sevirlər, biləsiniz. Qonşumuz İranda bu gün Kir günüdür. Əhəmənilər imperiyasının qurucusu olan Kirin ad gününə İran toy-büsat qurur. Amerikada isə bu gün milli pişik günüdür. Amerikalı pişik yəqin bizim pişik kimi zavallı deyil, daha tox, daha harındır. Amma amerikalılar pişik günüylə kifayətlənərlərmi, kifayətlənməzlər. Onlarda bu gün yarma günüdür həm də, mətbəxlərdə südlü sıyıqlar bişiriləcək vurhavur.

 

110 il bundan əvvəl - 1911-ci ilin bu günündə amerikalı jurnalist Jozef Pulitser dünyadan köçüb. Bu o şəxsdir ki, Qərbdə ən nüfuzlu jurnalist mükafatı – Pulitser mükafatı onun adı ilə adlandırılır. 570 il bundan əvvəl – 1451-ci ilin bu günüdə isə Amerikanı kəşf etmiş ispan səyyahı Xristofor Kolumb dünyaya gəlib.

 

Varisin “Həftənin təqvimi” yazısından seçmələr

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.