İyunun 13-də Azərbaycan Dillər Universitetində (ADU) Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.
ADU-dan verilən məlumata görə, rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanla Özbəkistan arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf edir. “Ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də elm və təhsil sahəsində davam edən əməkdaşlığın müsbət nəticələrini görə bilərik. ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri öz işində elmi əməkdaşlığı ön plana çəkir. Bu da elmi əməkdaşlığımızın inkişafına və əlaqələrimizin daha da möhkəmlənməsinə şərait yaratmış olur”, - deyə rektor Kamal Abdulla qeyd edib.
Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Xocayeva səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, universitetlər arasında əməkdaşlığın qurulması olduqca mühüm əhəmiyyət kəsb edəcək. Bu əməkdaşlıq müəllim-tələbə mübadiləsinin aparılması, qarşılıqlı öyrənmə və təcrübə baxımından yeni imkanların əldə olunmasına şərait yaratmış olacaq.
ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, bu mərkəzlər müəllim və tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görməkdədir.
Dilnoza Xocayeva akademik Kamal Abdullanın rəhbərlik etdiyi ali təhsil ocağının Fəxri doktoru seçilməsini universitetin elmi-pedaqoji həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Fəxri doktor mantiyasını ona təqdim edib.
Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)