“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya səfəri davam edir.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, səfər çərçivəsində Anar Kərimov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radmanla görüşüb. Görüşdə, həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak ediblər.
Dəvət üçün nazir Qordan Qrliç Radmana təşəkkürünü bildirən Anar Kərimov ikitətərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Tərəflər energetika və İT sahəsində əməkdaşlığın genişləndirilməsinə dair həyata keçiriləcək bir sıra layihələrdən də söz açıblar. Turizm, mədəniyyət, gənclər və idman eləcə də digər sahələr üzrə birgə həyata keçiriləcək tərəfdaşlığın istiqamətlərindən danışıblar.
Həmçinin Azərbaycanla Xorvatiya əməkdaşlıq perspektivlərinə və Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Xorvatiyanın dəstəyindən söz açan Anar Kərimov bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını bildirib. O cümlədən strateji əməkdaşlıq mövzusunda müzakirə baş tutub.
Anar Kərimov həmkarını "Mədəniyyət naminə sülh" ("Peace4Culture") qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağa dəvət edib.
Görüş hər iki tərəfi maraqlandıran digər mühüm mövzuların da müzakirəsi ilə davam edib.