Fransanın Lion şəhərində 20-ci “Konsulluq bayramı” keçirilib.
AzərTAC xəbər verir ki, 46 ölkənin təmsil olunduğu bayramda Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış Azərbaycan stendi də ziyarətçilər təqdim edilib.
Azərbaycan stendində Heydər Əliyev Fondunun milli tariximiz, mədəniyyətimiz, eləcə də xalçaçılıq məktəblərinə dair fransız dilində nəşrləri, İRS jurnalı və milli şirniyyatlarımız təqdim olunub. Paxlava, şəkərbura ilə çaya qonaq edilən ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş “Konsulluq bayramı” şəhərdəki konsulluqların və xarici assosiasiyaların öz ölkələrinin mədəni sərvətlərinin təqdimatı vasitəsilə Lion şəhərinin beynəlmiləlliyini təşviq edir.
Fransada nadir olan bu tədbir Lionda yerləşən 66 konsulluqdan ibarət korpusun dinamizminə əsaslanır.
“Ədəbiyyat və incəsənət”
(06.06.2023)