Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstana səfəri çərçivəsində Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi, deputat Tamaş Menszer ilə görüşüb.

 

Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu məlumat yayıb.

Günay Əfəndiyeva Fond tərəfindən qədim Türk mədəniyyətinin təşviqi istiqamətində təşkil edilən tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən Türk irsinin qorunmasına yönəlmiş beynəlxalq layihələrdən bəhs edib. Fondun prezidenti Türk dövlətləri və təşkilatları arasında davam edən inteqrasiya proseslərinin vacibliyini xüsusi vurğulayıb. Günay Əfəndiyeva cari ilin yanvar ayında “Avropanın mədəniyyət paytaxtı” Vezsprem şəhərinə səfərini xatırlayaraq, bu il “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhəri və Vezsprem arasında imzalanmış Anlaşma Memorandumu ilə əlaqələrin gücləndirildiyinə toxunub.

Fondun rəhbəri həmçinin, təşkilatın müşahidəçi üzv dövləti olan Macarıstan ilə əməkdaşlıq çərçivəsində “Macar yazıçılarının antologiyası”nın hazırlanması, Bela Bartok, Mikloş Radnoti və digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Tamaş Menszer Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Macarıstan musiqisinin və ədəbiyyatının dünya səviyyəsində təbliğ edilməsinə görə təşkilata minnətdarlığını bildirib və bu istiqamətdə daim dəstək göstərməyə hazır olduqlarını qeyd edib. Macarıstanı Türk dünyasının Avropaya qapısı adlandıran Tamaş Menszer, Türk dövlətləri ilə əməkdaşlığın önəmindən, “Avropanın mədəniyyət paytaxtı” Vezprem və “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa arasında iş birliyindən söz açıb.

Görüşdə Fond və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.