ICESCO təşkilata üzv ölkələri mədəniyyətlərarası dialoqun inkişafına çağırıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) hər il mayın 21-də qeyd edilən Ümumdünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü münasibətilə yaydığı bəyanatda təşkilata üzv ölkələri mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində səyləri gücləndirməyə çağırıb. 

 

AzərTAC təşkilatın baş ofisinə istinadla xəbər verir ki, müraciətdə bu əlamətdar günün mədəniyyətlərarası dialoqun sülh, xalqların dinc yanaşı yaşaması, dünya mədəni irsinin sənginliyi və müxtəlifliyinin qorumasında daha bir fürsət olduğu qeyd edilib. ICESCO vurğulayıb ki, dialoqun davam etdirilməsi, həmçinin dayanıqlı inkişafa nail olunmasında mühüm rol oynayır. 

Müraciətdə deyilir: “ICESCO bu mədəniyyətlərarası dialoqun təmin edilməsi istiqamətində bir sıra proqram və təşəbbüslər həyata keçirir, xüsusən İslam dünyasında xalqların öz mədəni irsinin təşviq etməsi, bu sahədə qabaqcıl texnologiyalardan istifadə olunması, müxtəlif dinlərə və mədəniyyətlərə malik olan insanlar arasında qarşılıqlı anlaşmanın təmini, dialoq və diplomatiya vasitəsilə qlobal sülhə nail olunması məsələlərinə xüsusi diqqət yetirir. BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Hədəflərinə uyğun olaraq, təşkilat öz tərəfdaşları ilə birlikdə İslam aləmində və onun hüdudlarından kənarda təhsil, elm, texnologiya, mədəniyyət, sivilizasiyalararası dialoq, gənclərə münbit şərait yaradılması, qadınların cəmiyyətdə rolunun artırılması üzrə əməkdaşlığı gücləndirir. 

Təşkilat, həmçinin müxtəlif mədəniyyətlər arasında körpülərin qurulması, sülh və sabitliyin bərqərar olması üzrə fəaliyyətini davam etdirir və bu məqsədlə üzv ölkələrdə müvafiq strategiyaların dəstəklənməsinə töhfə verməkdə davam edir. Bu sahələrdə müxtəlif layihələrin həyata keçirilməsində innovativ metodlar, rəqəmsal və informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur”.

Müraciətin sonunda qeyd edilib ki, ICESCO bütün ölkələrlə, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə mədəni layihələrin həyata keçirilməsi, sosial proqramların reallaşması, həmçinin tolerantlıq, sivil dialoq üzrə fəaliyyətlərin güclənməsi istiqamətində əməkdaşlığı davam etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.