İslam İncəsənəti Biennalesi çərçivəsində “Azərbaycan musiqisi” adlı multimedia layihəsinin təqdimatı olub

 

Səudiyyə Ərəbistanın Ciddə şəhərində ilk İslam İncəsənəti Biennalesinin təntənəli bağlanış mərasimləri çərçivəsində "Azərbaycan musiqisi” adlı multimedia layihəsi təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, İslam incəsənətinin mənəvi, yaradıcı və estetik tərəflərinin keçmiş, hazırkı və gələcəyinin öyrənilməsinə həsr olunmuş biennalesdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında Azərbaycan pavilyonunun təqdimatı olub. Pavilyonda muzeyin kolleksiyasına məxsus dəyərli eksponatlar, həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyyuqinin “Vərqa və Gülşah” poeması, eləcə də rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşah: geri dönüş” adlı multimedia instalyasiyası da göstərilib. 

Tədbirdə multimedia layihələri haqqında ümumi məlumat verilərək qeyd olunub ki, “Keçmişin səsi” adlı audiovizual instalyasiya Azərbaycanın qədim petroqlifləri, həmçinin İslam mədəniyyətinin zəngin tarixi, incəsənətini özündə birləşdirən hipnotik bir zaman və mədəniyyət səyahətidir. Bu hər iki mədəniyyətin unikal incəsənət ifadələrini və aralarındakı dərin bağlantını ehtiva edir. Səs və vizual elementlər izləyicini İslam incəsənətinin gözəlliyini və mürəkkəbliyini, petroqliflərin əsrarəngiz cazibəsini hiss edə biləcəyi başqa bir dünyaya aparır. İnstalyasiya bir neçə hissəyə bölünüb, hər biri İslam incəsənəti və petroqliflərin müxtəlif aspektlərini birləşdirir. İlk bölmə izləyiciyə İslam incəsənəti dünyasını təqdim edərək, onun gözəlliyini, kompleksliyini, diversitetini göstərir. İkinci bölmə izləyicini Azərbaycanın qədim petroqliflərini araşdırmağa aparır və onların sirlərini, eləcə də qəhrəmanlıqlarını nümayiş etdirir. Üçüncü bölmə iki dünyanı birləşdirir, İslam incəsənəti və petroqliflər arasındakı bağlantıları, həmçinin onların bir-birinə təsirini vurğulayır. "Əbədi səs mənzərələri" adlı audiovizual instalyasiyalar isə Azərbaycan, Qazaxıstan və Özbəkistan xalqlarının musiqi mənbələrini ən son texnologiyalarla birləşdirən canlı ifadır. Bu innovativ layihə postSovet İslam ölkələrinin musiqi ənənələrinin zəngin irsini əks etdirir.

Sonra Azərbaycanın mədəni irsinin, zəngin musiqi sənətinin təbliği məqsədilə “Azərbaycan musiqisi” adlı multimedia layihəsinin təqdimatında canlı musiqi müşayiəti ilə tar ustası İbrahim Babayev və istedadlı qrafik dizayner Timur Əmirxan “Keçmişin səsi”, eyni zamanda, peşəkar rəssam, səs sənətçisi (sound artist) Fərhad Fərzəliyev “Əbədi səs mənzərələri” adlı audiovizual instalyasiyalarla çıxış ediblər. 

Bundan əlavə tədbir çərçivəsində Azərbaycan mətbəxinin tanıtımı məqsədilə milli təamların nümayişi və dequstasiyası da keçirilib. Milli mətbəxin tarixi və ənənələrini, həmçinin İslam mədəniyyəti ilə əlaqələrini əks etdirən milli yeməklər, şirniyyatlar ziyarətçilərə təqdim olunub. Layihənin kuratoru Könül Rəfiyevadır.

Qeyd edək ki, İslam İncəsənəti Biennalesinin təntənəli bağlanış mərasimləri mayın 23-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.