Qənirə Paşayeva: “Bu ensiklopedik siqlətli kitabın bütün sənətsevərlər üçün qiymətli qaynaq olacağına inanıram” Featured

Xəbər verdiyimiz kimi, Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyevin “İstedadlar ocağı” kitabının təqdimat mərasimi keçirilib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin ensiklopediyası kimi hazırlanan kitabın

layihə rəhbəri və “Ön söz” müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

 

“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təqdimat mərasimindəki çıxışının xülasəsini diqqətinizə çatdırır. Qənirə Paşayeva çıxışında öncə əsərin ensiklopedik siqlətinə vurğu edib, alimi bu fundamental əsərin gün üzü görməsi münasibətilə təbrik edib, ona yeni uğurlar diləyib. Komitə sədri bu əsərin həm adı keçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə olduğunu deyib.

O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin şöhrətinə layiq tərtib olunmuş kitabı milli incəsənətimizin öyrənilməsi və təbliği baxımından yüksək dəyərləndirərək söyləyib:

-Milli incəsənətimizdə fenomen kimi dəyərləndirilən Əzim Əzimzadənin gənc yaradıcıların yetişdirilməsinə özəl diqqət yetirilməsi ənənəsi günümüzdə də 100 yaşını keçmiş kollecdə uğurla davam etdirilməkdədir. Bu da bizə 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycanımızı, onun incəsənətini işıqlı gələcək gözlədiyini söyləməyə əsas verir. 

Respublikamızda müxtəlif profilli, çoxsaylı ali və orta ixtisas təhsil məktəblərinin olmasına baxmayaraq, onların arasında məhz “Əzimzadə məktəbi”nin adı bütün (keçmiş) SSRİ məkanında tanınır və istedadlar ocağı olaraq fəxrlə çəkilirdi. XX yuzilliyin 20-ci illərinə qədər Bakıda (ümumən Azərbaycanda) rəssamlığın tədrisi bir coxlarının düşündüyü kimi yox dərəcəsində olmayıb. Lakin “Əzimzadə məktəbi” özündən öncəki sənət mühitlərini, xalq yaradıcılığını tədris plan-proqramına cəlb etməklə, peşəkar müstəviyə daşımaqla yeni bir mərhələ başlayıb. Əgər fəaliyyətləri qədim dövrlərə təsadüf edən sənətkarlar ayrı-ayrı ustalardan dərs almışdısa, “Əzimzadə məktəbi” açıldıqdan sonra fəaliyyət göstərən yaradıcıların çoxu ilk təhsilini həmin məktəbdə alıb. Bu anlamda, Azərbaycanda rəssamlığın tədrisi tarixini xronoloji ardıcıllıqla izləməli olsaq, tərəddüdsüz deyə bilərik ki, hazırda Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci respublikamızın tarixində özəl yeri olan təhsil ocaqlarındandır. Onun 100 ili aşan zəngin tarixi ilə tanışlıq göstərir ki, məktəbin mövcudluğu, səmərəli fəaliyyəti sayəsində milli təsviri və dekorativ-tətbiqi sənətimizin inkişafını gerçəkləşdirən minlərlə rəssam yetişib. Onların şöhrətinin çoxdan ölkə sınırlarını aşması və yaratdıqları sənət örnəklərinin Azərbaycanı şöhrətləndirən bədii-mənəvi qaynaqlara çevrilməsi bu təhsil ocağının yerini, rolunu dəqiq ifadə edir. Əminik ki, kollecin indiki kollektivi də illərlə formalaşan tədris metodu ənənələrini qoruyub saxlamaqla, bu təhsil ocağının şöhrətini layiqincə yaşada biləcəkdir.

Daha sonra Qənirə Paşayeva tanınmış  sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin araya-ərsəyə gətirdiyi bu ensiklopedik siqlətli kitabın bütün sənətsevərlər üçün qiymətli qaynaq olacağına inamını ifadə edib, kitabın uzun illik əməyin məhsulu olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsərdə müəllifin “Əzimzadə məktəbi”nə, ustadlar ustadı Əzimzadənin öz şəxsiyyət və yaradıcılığına sevgisi fonunda Azərbaycan mədəniyyətinə, ümumən mədəniyyətə, sənətə vurğunluğu parlaq şəkildə görünür. 

Qənirə xanım daha sonra deyib:

-Çox şadıq ki, Ziyadxan Əliyev öz sevgi və vurğunluğunu peşəkarlıq müstəvisində təcalla etdirə bilib. Kitab “Əzimzadə məktəbi”nin 100 illik yubileyi münasibətilə hazırlansa da, nəşrinin 2023-cü ilə - “Heydər Əliyev İli”nə düşməsini də təsadüf yox, təvafüqlük hesab edirəm. Bu kitab Ümummilli Liderimizin şərəfinə adlandırılmış 2023-cü ilə ən gözəl sənət töhfələrindən biridir.

Qənirə Paşayeva kitabın rus və ingilis dillərinə çevrilməsinin də vacibliyinə toxunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.