Bu gün Qubadlı rayonunun işğaldan azad edildiyi gündür

 

Rayonların işğal tarixini qeyd etməkdən rayonların azadolunma tarixlərini qeyd etməyə keçid çox qürurvericidir, deyilmi? Bu gün də Qubadlının işğaldan azad edilməsi günüdür. Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir: Azərbaycanın xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər, akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, xalq yazıçısı Süleyman Rəhimov, 2 nəfər akademik, 24 elmlər doktoru, 4 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı...  Azərbaycanın cənub-qərbində yerləşən,  802 kvadratmetr əraziyə malik olan Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı kənd təsərrüfatı rayonudur. Rayon Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri dəniz səvviyəsindən 2003 metr yüksəklikdə yerləşən Torağac yüksəkliyidir. Ərazisindən Həkəri və Bərgüşad çayları keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan ilə, şimaldan Laçın rayonu, Hadrut qəsəbəsi, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıbdır. Qubadlı torpağının tarixi uludur. Onun adı dörd əsr bundan əvvəl yaranıb, Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır. Burada çox qiymətli tarixi abidələr var. Gavur dərəsindəki mağara ibadətgah IV, Muradxanlı kəndindəki Qalalı, Əliquluşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə XIV, Gürcülü kəndindəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir. Əliquluşağı kəndindəki mağara ibadətgah, Xocamsalı kəndindəki qala, Seytas kəndindəki Anabat, Oğlan-qız qayası, Sınıq körpü və digər bu sayaq abidələr ululuq və qədimlik salnaməsidir.

 

1988-ci ildən başlayaraq Ermənistanla və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonu 238 nəfər şəhid verib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31- də erməni təcavüzkarlarının işğalına məruz qalmışdı. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, 31 mindən çox əhali yurd-yuvasından didərgin düşmüşdü. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdi. Rayonda 13.2 min hektar meşə sahəsi var idi, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınmışdı. 2020-ci il 25 oktyabr tarixində Qubadlının Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edildi. Yaşasın Azərbaycan ordusu!

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.