Bildiyiniz kimi, sabah - mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunacaq. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi əlamətdar günü bir neçə tədbirlə qeyd edir. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə keçirilir.
Dünən muzeydə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahat və azad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub. “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamələr verilib.
Bu gün gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.
Sabah isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.
Bir sözlə, Milli Xalça Muzeyi peşə bayramına layiqli töhfələr verəcək.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)