Günay Əfəndiyeva Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “2023-cü il Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi açılış mərasimi çərçivəsində təşkilatı ziyarət edən Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Asxat Oralovla görüşüb.

 

Fondun məlumatına görə, görüşdə Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının bütün türk xalqları tərəfindən böyük qürur və fəxarət hissi ilə qarşılandığı bildirilib. Fond tərəfindən Türk dünyasının şəhərlərində Şuşanın qədim tarixi irsinin, dəyərlərinin tanıdılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Fondun Bursa və Daşkənddə təşkil etdiyi geniş miqyaslı “Şuşa günləri” layihəsinin Qazaxıstanda keçirilməsi planlaşdırılıb. 

Görüşdə ümumtürk mədəni irsinin öyrənilməsi, qorunması və dünyada təbliği sahəsində nəzərdə tutulan birgə tədbirlər müzakirə olunub. Eyni zamanda, nazir Fondun Qazaxıstanla sıx əməkdaşlığını yüksək qiymətləndirərək, təşkilatın ölkənin mədəniyyətinin təbliği istiqamətindəki layihələrini dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Qazaxıstanın Abay, Jambul Jabayev və digər görkəmli ədəbi simalarının yubileyləri çərçivəsində təşkilat tərəfindən aparılmış işlərdən bəhs olunub. Fond tərəfindən Abaya həsr edilmiş yeni kitabın yaxın zamanda işıq üzü görəcəyi diqqətə çatdırılıb. 

Görüş Fond ilə Qazaxıstanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də gələcək ortaq layihələr istiqamətində fikir mübadiləsi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.