AZƏRBAYCAN ƏDƏBİYYAT MƏRKƏZİNİN FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti tərəfindən bu ali məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Heydər Əliyev və müstəqillik” adlı birgə tədbir təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, əvvəlcə universitetin prorektoru, professor Bahadır Xalıqov Özbəkistan-Azərbaycan münasibətləri, ölkələrimiz arasındakı tarixi, mədəni yaxınlıq barədə tədbir iştirakçılarına məlumat verib. O, Ulu Öndərin Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoyduğunu qeyd edərək, Heydər Əliyevin biliyə, elmə və texnologiyaya böyük əhəmiyyət verdiyini bildirib. Prorektor Heydər Əliyev Fondunun hökumətin həyata keçirdiyi təhsil siyasətinə güclü dəstək verdiyini və “Yeniləşən Azərbaycana yeni məktəb” kimi layihələr çərçivəsində ölkədə yüzlərlə məktəb binasının inşa edildiyini vurğulayıb.
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kərimulla Məmmədzadə Ulu Öndərin Azərbaycan xalqının taleyində oynadığı roldan söz açaraq, bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu vurğulayıb. O deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti bir məktəbdir. Gənc nəslin nümayəndələri bu məktəbdən yetərincə faydalanmalıdır. Onun nitqlərində yer alan ümumbəşəri hikmətamiz fikirlər hər bir vətəndaş üçün qiymətlidir”.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Heydər Əliyev İli” ilə bağlı layihələrindən söz açan K.Məmmədzadə artıq bu sahədə bir neçə böyük tədbirin, konfransların, dostluq konsertlərinin təşkil olunduğunu, Özbəkistanda “Heydər Əliyev – 100” poçt markasının buraxıldığını, həmçinin Ulu Öndərin hikmətamiz fikirlərinin özbək və türk dillərinə tərcümə olunaraq artıq nəşrə hazırlandığını vurğulayıb.
Universitetin kafedra müdiri, professor Nurbay Cabbarov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elm və təhsilin inkişafına böyük diqqət ayırdığını və bu sahələrin inkişafı üçün müasir prinsiplərə cavab verən addımlar atdığını söyləyib. O, müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi islahatların qlobal xarakter daşıdığını və bu islahatların ölkənin hazırkı rəhbərliyi tərəfindən inamla davam etdirildiyini bildirib.
Daha sonra professor Səadət Muxammedova və dosent Gülbahar Aşurova çıxışlarında Heydər Əliyevin Azərbaycan dilinə vermiş olduğu böyük əhəmiyyətdən və dəyərdən söz açaraq, müasir Azərbaycan dilinin bir dövlət dili kimi formalaşmasında, güclənməsində Ümummilli Liderin xüsusi xidmətlərindən bəhs ediblər.
Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən universitetdə yaradılmış Məhəmməd Füzuli adına Azərbaycan ocağının tələbələrindən ibarət “Füzuli dilbəndləri” qrupunun üzvləri Heydər Əliyev və Azərbaycan haqqında şeirlər səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)