Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir.
Festival çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Ağalı kənd tam orta məktəbində keçirilən tədbirdə Zəngilan rayonunda qeydiyyatda olan 20 uşaq xanəndəlik sənəti, Azərbaycan xalq çalğı alətləri ifaçılığı (tar), piano ifaçılığı və bədii qiraət nominasiyaları üzrə çıxış ediblər.
Çıxışlar Əməkdar artist, xanəndə İlkin Əhmədov, bədii qiraət ustası Xəzər Süleymanlı, pianoçu Fəqan Həsənli və tar ifaçısı Emin Bəhramlıdan ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Tədbir çərçivəsində həmin uşaqlar üçün münsiflər heyəti tərəfindən ustad dərsləri də keçirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Xatırladaq ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçısı var.
Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)