Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq.
22 oktyabr. Ümumdünya pəltəklər günü
Deyirlər ki, Böyük Britaniyanın, Kanadanın, Avstraliyanın və Cənubi Afrikanın kralı olan VI Georq pəltək imiş, hələ 20-ci əsrin əvvəllərində nitq terapiyasının vacibliyindən bəhs edibmiş. Ümumdünya pəltəklər gününün təşəbbüskarlarının da məhz kanadalılar olması (Kanada Nitq Patalogiyası Cəmiyyəti) bəlkə elə bu hadisə ilə qaynaqlanır. Statistikaya görə, dünyada 3 milyon insan bu problemlə yaşayır. Bu patalogiyanın səbəbi isə hələ də elmə məlum deyil. Onu aradan götürmək üçünsə bir çox vasitələr vardır, loqopedik, psixoloji, psixoterapevtik, medikamentoz, fizioterapevtik və s. və i. Təəssüf ki, bu vasitələrin heç biri pəltəkliyi tam aradan götürə bilmir.
Bizdə tək kəkələyənə deyil, nitqi qüsurluyu da pəltək deyilir. Siyasətdə təmsil olunanlar arasında r hərfinə y deyənlər az olmayıb. Nazir, komitə sədrinin müavini, səfir, müxalifət lideri... Əlbəttə, fiziki qüsurdur deyə bunun üzərində dayanmayacağıq.
Pəltəklik bir fiziki qüsur olsa da lətifəqoşanlar ona da şəbədə qoşmaqdan vaz keçməyiblər, belə insanlar bir çox lətifələrin qəhrəmanlarına çevriliblər. Bu lətifələrdən birini lap uşaqkən eşitmişəm. Dörd nəfər ağır pianonu liftsiz binanın 9-cu mərtəbəsinə qaldırır, biri pəltək olur, yol boyu –Biz sə... sə... sə... – deyə kəkələyir, digər üçü onu acılayır, pəltək olduğu üçün aşağılayır, hər dəfəsində sözünü axıra çatdırmağa imkan vermirlər. Yalnız 9-cu mərtəbəyə şatanda o, sözünü tamamlaya bilir: -Biz səhv gəldik, o biri bloka getməli idik.
Üçlər niyə öncədən bunu demədiyinə görə onu söyüş yiyəsi edə-edə çar-naçar pianonu aşağı düşürməyə başlayanda o yenidən kəkələməyə başlayır, bu dəfə -Mən za.. za... za...- deyə fikrini izah etmək istəyir. Yenə də söyüş, təhqirlər sıralanır, yenə yol boyu ona fikrini izah etməyə imkan vermirlər. 1-ci mərtəbəyə çatanda o, nəhayət ki, fikrini tam deyə bilir: -Mən zarafat edirdim.
22 oktyabr. “Metropoliten – Opera”, İvan Bunin və dirijor çubuğu
Ümumdünya şampan şərabı günü. Qazlı çaxırın vətəni Fransadır, biləsiniz. Beynəlxalq Caps Lock günü. Kompüterin bu düyməsini aktual edən bir gündür. Yaponiyada Dziday-matsuri festival – musiqi ənənələri ilə dini ritualların remiksi. Fexner günü. Alman filosofu, fiziki və psixoloqu Qustav Fexnerə həsr olunan beynəlxalq gün. Psixofizikanın banisi olan Fexner bu təlimi məhz 1850-ci ilin 22 oktyabrında yaradıb. Psixofizika isə fiziki stimullarla hissiyyatlar arasındakı əlaqəni öyrənən bir elm sahəsidir.
O ki qaldı amerikalılara, bu gün onlarda milli qoz günüdür. Amerikalıların öz milli qozları olmasa da onlar yunan və hind qozlarını milliləşdirib həzmi-rabeədən keçirirlər.
22 oktyabrda nələr baş verib bəs? Mütləq deyək ki, 1949-cu ildə SSRİ ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1947-ci ildə yeniyetmə yaşında dünya şöhrəti qazanmış məşhur italiyalı müğənni Robertino Loretti doğulub. 1938-ci ildə Çester Karlsion kağız sənədin ilk dəfə fotokopiyasını çıxarıb. 1883-cü ildə dünya mədəniyyətinin ən triumfal hadisələrindən biri baş verib – Nyu-Yorkda “Metropoliten – Opera” açılıb, ilk günündə Qunonun “ Faust” operası oynanılıb. Həmin il irland yazışısı Tomas Mayn Rid dünyasını dəyişib. 1870-ci ildə 1933-cu ilin Nobel mükafatçısı olan rus yazıçısı İvan Bunin doğulub. Ən nəhayət, 1859-cu ildə alman skripkaçısı, musiqidə romantizmin yaradıcısı Lui Şpor vəfat edib. Lui Şpor dirijor çubuğunu kəşf edən şəxs kimi də tarixə düşüb, yeri gəlmişkən.
Futbol azarkeşlərinə isə onu xatırlatmaq istəyirəm ki, bu gün çox sayda tanınmış futbol adamı dünyaya gəlib, onlardan biri millimizin baş məşqçisi olmuş Ağasəlim Mircavadovdur, digəri “Arsenal” klubunun fransalı məşqçisi Arsen Venger, digəri əfsanəvi sovet qapışısı Lev Yaşin. Digərləri də qalsınlar növbəti dəfəyə.
Varisin “21-27 oktyabrın təqvimi” yazısından