Bu gün tanınmış xalçaçı-rəssam Kamil Əliyevin 100 illiyidir

 

Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabr ayının 22-də Qərbi Azər­baycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ildə Bakı Rəssamlıq Mək­təbində təhsil almağa başlayıb, görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. Təhsilini davam etdirməklə yanaşı, “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləyib. 1941-ci ildən Böyük Vətən müharibəsində iştirak edib, 1945-ci ildə cəbhədən 22 orden və medalla dönüb. Yüksək vəzifələrdə çalışıb, “Soyuz-Torq reklam”ın baş direktoru, Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru, Bakı Zərgərlik Fabrikinin direktoru, Yerli Sənaye Nazirliyi İstehsalat şöbəsinin müdiri işləyib. O, 1993-cü ildən ömrünün sonunadək “Azərxalça” Elmi İstehsalat Birliyinin baş direktoru olub. İlk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edib. Xalçanın uğur qazanması rəssamı daha da ruhlandırıb, o, bu dəfə Nəsimiyə və Nizamiyə həsr edilmiş xalçalar yaradıb. Xalça üzərində yaratdığı portretlərdən görkəmli türk dövlət xadimi Atatürkün, Turqut Özalın, Süleyman Dəmirəlin, eləcə də Heydər Əliyevin portretləri toxunmuş xalçalar xüsusilə məşhurdur. Azərbaycanda ilk dəfə xalça muzeyinin açılması da Kamil Əliyevin adı ilə bağlıdır. Daha çox Abşeron ornamentlərinə üstünlük verən Kamil Əliyev ümumilikdə bütün milli naxışlar üzərində işləyərək onlara yeni bir ruh, yeni nəfəs verirdi. Kamil Əliyevin çeşniləri əsasında toxunmuş xalçalar respublikamız müstəqillik qazandıqdan sonra dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilib, bu qədim el sənətinin nümunələri ən mötəbər muzeylərdə, o cümlədən Londonun məşhur “Viktoriya və Albert” muze­yində saxlanılır.

 

K.Əliyev Azərbaycan incəsənətində göstərdiyi xidmətlərə görə ilk dəfə 1960-cı ildə Fəxri fərmana layiq görülüb, respublikanın “Tətbiqi incəsənət ustası” adını qazanıb. 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 1998-ci ildə dekorativ və tətbiqi sənət üzrə professor elmi rütbəsi alıb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Görkəmli rəssam Kamil Əliyev 2005-ci il mart ayının 1-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.